Daxili İşlər Nazirliyi (DİN) “Kanal 13” internet televiziyasının əməkdaşı Teymur Kərimovun saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Qurumun mətbuat xidmətinin şöbə rəisi Orxan Mansuzadə Modern.az-ın soruğusuna cavab olaraq bildirib ki, “Kanal 13”-ün əməkdaşı Teymur Kərimovun çəkiliş apararkən polis əməkdaşları tərəfindən saxlanılması, təhqirlərə və fiziki təzyiqə məruz qalması bağlı məlumatların heç bir əsası yoxdur:
“Bu iddialar hadisənin real mahiyyətini qəsdən təhrif etməyə, ictimai rəyi yalnış istiqamətə yönəltməyə xidmət edir. Çünki Teymur Kərimov Bərdə rayonunda qaçqın və məcburi köçkünlər üçün salınmış “Yeni qəsəbə”də guya ona daxil olmuş şikayətləri araşdırarkən, ictimai qaydanı kobud şəkildə pozaraq rayon sakini Ələkbər Abdullayevə qarşı qatı xuliqanlıq hərəkətləri edib, nəticədə həmin şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib”.
Nazirlik rəsmisinin sözlərinə görə, bundan sonra ərazidə xidmət göstərən polis əməkdaşları hadisə yerinə cəlb olunub: “Teymur Kərimov məsələnin aydınlaşdırılması üçün şöbəyə aparılıb. Şöbədə Teymur Kərimovun, döyülməsi barədə ərizə ilə müraciət edən Ələkbər Abdullayev və hadisə şahidlərinin izahatları alınıb, digər təxirəsalnmaz tədbirlər həyata keçirilib.“Kanal 13”ün əməkdaşı izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Ələkbər Abdullayevin aldığı xəsarətlərin dərəcəsinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin olunub.
Hazırda Bərdə rayon polis idarəsinin Təhqiqat şöbəsində toplanmış materiallar əsasında araşdırma aparılır”.
O.Mansurzadə bildirib ki, ekspertizanın nəticələri açqılandıqdan sonra məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, “Kanal 13” internet televiziyası əməkdaşının polis tərəfindən saxlanılması ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, noyabrın 24-də saat 15.30 radələrində “Kanal13”-ün Xəbərlər bölməsinin əməkdaşı Teymur Kərimov Bərdə rayonunda “Kanal13”-ə ünvanlanmış şikayətlərlə bağlı çəkiliş apararkən Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb:
“Saxlandıqdan sonra Bərdə RPŞ-ya aparılan Teymur Kərimov yol boyu polis əməkdaşlarının təzyiqlərinə və təhqirlərinə məruz qalıb. Şöbədə ona qarşı guya çəkiliş vaxtı orda olan bir nəfərə zor tətbiq etməsi ilə bağlı saxta ittiham irəli sürülüb və cinayət işi açılıb. Həmçinin jurnalistin kamerası əlindən alınaraq orda olan bütün görüntülər, o cümlədən jurnalistə qarşı zor tətbiq edildiyini gösətərən kadrlar silinib. Əməkdaşımız bir neçə saat sonra sərbəst buraxılsa da ona haqqında açılan cinayət işi ilə bağlı təkrar polis şöbəsinə çağırılacağı bildirilib.
Ölkədə fəaliyyət göstərən tam müstəqil bir media orqanı kimi bu olaydan çox dərin təəssüf hissi keçirdiyimizi bildirir və bunu azad mediaya qarşı ciddi basqı kimi qiymətləndiririk. Qeyd etmək istərdik ki, mətbuat azadlığının bir ölkə üçün nə qədər vacib olduğundan xəbərsiz məmurların məhz belə addımları nəticəsində ölkənin imicinə çox ciddi zərbə vurulur. Bir daha bəyan etmək istərdik ki, “Kanal13” öz efirində heç bir siyasi tərəf güdmədən çox fərqli siyasi qruplara, Qeyri Hökümət Təşkilatları təmsilçilərinə, fərqli sosial təbəqələri təmsil edən insnalara və onların problemlərinə yer ayıran bir media qurumudur. Biz jurnalist etikası və mediada tərəfsizlik prinsiplərini əsas götürərək çalışırıq, bununla bağlı Azərbaycan ineternet istifadəçilərinə azad siyasi müzakirələr, iqtisadi və sosial problemləri əhatə edən peşəkar TV proqramları təqdim edirik.
Ölkədə jurnalistlərin saxta ittihamlarla şərlənməsini, onların fəaliyyətinin qanunsuz yollarla məhdudlaşdırılmasını bir daha qətiyyətlə pisləyir və müvafiq isntansiyalarından o cümlədən Daxili İşlər Nazirliyindən bu məsələyə olduqca həssas yanaşmağı və baş vermiş olayı ədalətli tədqiq edib, jurnalistin pozulan hüquqlarını bərpa etməyi xahiş edirik”.
Gülşən RAUFQIZI