Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi İsrailin 8 məntəqəsində yanğını müvəffəqiyyətlə söndürüb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İsrail hökumətinin müraciəti əsasında Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə tüğyan edən yanğınların söndürülməsi üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi 25 noyabr 2016-cı il tarixində İsrailə göndərilib. Təyyarə noyabrın 26-da yanğın yerlərinin kəşfiyyat xarakterli uçuşlarını həyata keçirib və 80 ton su atmaqla 8 məntəqədə yanğını müvəffəqiyyətlə söndürüb. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Modern.az