“Xocalı soyqırımına qiymət verilməsi üçün biz mütləq 3 mərhələdən keçməliyik”.
Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. Avropa Parlamentinin 2009-cu ildə 11 noyabrı Yusoqlaviyada törədilən Srebrennitsa soyqırımı qurbanlarının xatirəsi günü kimi tarixə saldığını və bununla bağlı qətnamə qəbul etdiyini deyən A.Quliyevin sözlərinə görə,Xocalı faciəsinə hüquqi qiymətin verilməsi bu gün üçün çox mühüm olan məsələdir:
“Təəssüflər olsun ki, biz bu gün hələ də Xocalı soyğırımı məsələsində ədalət axtarırıq. Srebrennitsada baş verən bu soyqrıma dünya ictimaiyyəti hüquqi qiymətini verdi. Bu hadisəni törədənlər hazırda cəzasını çəkməkdədirlər. Amma Xocalı faciəsini törədənlər hələ də azadlıqda gəzir, Xocalı şəhəri isə erməni işğalçılarının işğalı altındadır. Ona görə də cəmiyyət üçün ən mühüm məsələ budur: Biz necə edək ki, Xocalı faciəsinə hüquqi qiymətin verilməsinə nail olaq?! Soyqırımına qiymət verilməsi üçün biz mütləq 3 mərhələdən keçməliyik”.
Azaq Quliyev qeyd edib ki, bunun üçün ilk mərhələdə dünya ictiamiyyəti müfəssəl şəkildə məlumatlandırılmalıdır:
“İkinci mərhələ beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən həmin cinayətə siyasi qiymətin verilməsi, müvafiq qətnamələrin qəbul edilməsidir.
Üçüncü mərhələ isə faciəyə hüquqi qiymətin verilməsi, bu cinayəti törədənlərin ədalət mühakiməsinə cəlb olunamasıdır. Mən sizi əmin edirəm ki, biz 1-ci mərhələ üzrə xeyli işlər görmüşük. Xocalı facisəinin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun çox böyük rolu var. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət beynəlxalq kampaniyası” öz müsbət nəticəsini verməkdədir. Bunun nəticəsidir ki, biz bir necə ölkənin parlamentində və ayrı-ayrı beynəlxalq təşkilatlarda Xocalı soyqırımına ədalətli qiymətin verilməsinə nail ola bilmişik. Əlbəttə ki, bu işlər davam etdirilməlidir”.
A.Quliyev deyib ki, belə faciələrin dünyaya tanıdılması üçün ən yaxşı metodlardan biri mədəniyyət və incəsnət xadimlərinin bu proseslərdə iştirakını təmin etməkdir.
Ağa AKİFOĞLU