2011-ci ilin fevral ayı ərzində bazara təklif olunan torpaq sahələrinin əsasını ötən aylarda olduğu kimi boş torpaqlar təşkil edib. Köhnə yaşayış evlərinin sökülməsi tendensiyası zəif olaraq qalmışdır. Boş torpaqlarda tikilən fərdi yaşayış evlərinin sərhədi şəhərin kənarına və şəhərətrafı ərazilərə (III və IV zonalar üzrə) doğru genişlənməkdə davam etsə də, tikintinin tempində mövsümlə bağlı durğunluq müşahidə olunub. Modern.az xəbər verir ki, bu barədə “Əmlak bazarı iştirakçıları” İctimai Birliyi məlumat yayıb.
Aparılan söküntü işləri zamanı dövlət tərəfindən sosial obyektlərin tikintisinə, yolların salınmasına və genişləndirilməsinə daha çox rast gəlinib. Regionların sosial-iqtisadi inkişaf proqramı ilə bağlı bu tendensiya daha da dərinləşməkdə, infrastruktur tikintisinin coğrafiyası daha çox mərkəzdən kənar ərazilərə doğru genişlənməkdə davam edib.
Fevralda bazara təklif olunan ümumi 781,6 ha torpaq sahəsinin 78,1%-ni boş sahə, qalanını isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin azalması və şəhərin mərkəzində torpaq sahələrinə tələbin artımı bazarda orta qiymət azalmasının qarşısını ala bilməyib (-0.8%). Torpaq bazarında qiymət indeksi iki aylıq stabillikdən sonra 243.6 həddindən azalaraq 241.6 bəndində qərarlaşıb.
Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası fevral ayında tikinti tempinin kəskin azalması hesabına xeyli zəifləyib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən nisbi şəkildə mənfiyə doğru dəyişib.
Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşması I zonada tələb və təklifin strukturunun dəyişməsi ilə yanaşı, qiymətlərin artmasına səbəb olmuşdur. Söküntü işlərinin azalmasına baxmayaraq I zonada torpağın bazar qiyməti hələ də real dəyərindən baha olaraq qalmaqdadır.
Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1.2% artıb.
Fevral ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma qeydə alınıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 14426 $/sot səviyyəsindən 0,8% azalaraq 14310 $/sot təşkil edib. Qiymət azalmasının əsas səbəbi ay ərzində tələbin kəskin azalması ilə bağlı olub.
Ay ərzində şəhərin bütün zonalarında qiymət azalması müşahidə edilib.
Zonalar Qiymətlər, $/sot Qrta qiymət dəyişməsi, %
I zona 171985 -0,1
II zona 96769 -0,2
III zona 18821 -0,4
IV zona 3502 -0,3
Qiymətlərin hələ də real dəyərdən yüksək olması torpağın gəlirliyinə ciddi təsir göstərməsə də, bazarın bu seqmentində likvidlik dərəcəsinin düşməsinin qarşısını alıb. Torpaq sahələrinin ekspozisiya müddəti isə ötən ayla müqayisədə artıb. Bütün bunlarla yanaşı, torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağın hələ də aşağı olması ilə nəticələnir. Son aylar bazarda baş verən proseslər bazarın bu seqmenti ilə aparılan əməliyyatlarda risk dərəcəsini nisbi azaldıb.
Fevralda rayonlar üzrə ən çox qiymət artımı əsasən Qaradağ rayonunda (1,2%) baş verib. Ən çox qiymət azalması isə Sabunçu rayonunda (-1.2%) qeydə alınıb.
Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Xətai rayonları başçılıq edirlər. Ən passiv rayon isə Nərimanov rayonudur.
Fevral ayında torpaq bazarına təklif olunan ən bahalı torpaq sahəsi 230000 $sot Nəsimi (Nəsimi bazarı yaxınlığı) rayonunda, ən ucuz torpaq sahəsi isə 350$sot Abşeron (Pirəkəşkül qəsəbəsi) rayonunda qeydə alınıb.
Modern.az