Binəqədi rayon İcra Hakimiyyəti keçmiş “Motodrom” ərazisində yaşayan sakinlərin etiraz aksiyası keçirməsilə bağlı açıqlama verib.
İcra Hakimiyyətindən Modern.az-a verilən məlumatda bildirilib ki, Bakı Metropoliteninin III yeni (Bənövşəyi) xəttinə aid olan “B-03” stansiyasının istismara verilməsi və qatarların normal hərəkətinin təmin edilməsi üçün “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektirk deposuna dəmir yol xəttinin çəkilməsi ilə bağlı tikinti işlərinin aparılması üçün məcburi köçkünlərə və yerli sakinlərə məxsus olan fərdi yaşayış evlərinin köçürülməsi prosesi davam edir:
"Noyabr 26-da sözügedən ərazidə Bakı Metropoliteninin əməkdaşları və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar İsmayılov sakinlərlə görüşüb, onların sualları dinlənilərək cavablandırılıb”.
Məlumatda həmçinin qeyd edilib ki, köçürülməsi nəzərdə tutulan fərdi yaşayış evlərinin sakinləri üçün kompensasiya ödənişi həyata keçirilir:
“Bununla bağlı Bakı Metropoliteni və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sakinlərin suallarının cavablandırılması, sənədləşmə işinin aparılması üçün qərargah yaradılıb.
Sakinlərin bu məsələ ilə bağlı hər hansı sual və təklifi olduğu halda Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar İsmayılovla əlaqə saxlaya bilərlər”.
Binəqədi rayonu “Motodrom” yeni yaşayış massivinin sakinləri növbəti etiraz aksiyası keçiriblər. Sakinlər evlərinin sökülməsi müqabilində onlara təklif edilən kompensasiyanın azlığından şikayətçidirlər.
Gülşən RAUFQIZI