“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt şəhərində istehlakçılara göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər həyata keçilir. Bu sahədə çoxmənzilli yaşayış binalarının zirzəmilərində mövcud su və kanalizasiya sistemlərinin istismar vəziyyətinin yaxşılaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
“Azərsu”dan Modern.az-a bildirilib ki, 2015-ci ildə Sumqayıt şəhərində 1450 coxmənzilli yaşayış binasının zirzəmilərinin monitorinqi aparılarkən məlum olub ki, 400-ə yaxın binanın zirzəmisinə su yığılır. Həmin zirzəmilərdən su nümunələri götürülərək suyun mənşəyi və axıntıların səbəbləri araşdırılmışdır. Məlum olmuşdur ki, zirzəmilərə suyun bir hissəsi binaların alt paylayıcı su və kanalizasiya xətlərində axıntılarla bağlıdır. Bəzi binaların zirzəmisinə yığılan sular isə qrunt mənşəli olmuşdur.
2016-cı ilin ötən dövrü ərzində Sumqayıt şəhərində 304 binanın alt paylayıcı su və kanalizasiya xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bu məqsədlə zirzəmilərdən keçən 1100 metr su xətti, 4811 metr isə kanalizasiya xətti dəyişdirilmişdir. Görülmüş işlər nəticəsində zirzəmilərə su axıntılarının qarşısı tam alınmış, su itkiləri minimuma enmişdir. Bu tədbirlər zirzəmilərin sanitar vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur.
Hazırda 16 binanın zirzəmilərində su axıntılarının aradan qaldırılması məqsədilə tədbirlər davam etdirilir. Digər 15 binanın zirzəmisində toplanmış sular qrunt mənşəlidir, binanın su və kanalizasiya sistemlərinin vəziyyəti heç bir bağlılığı yoxdur.
Ümumilikdə 2015-ci ilin sentyabr ayından indiyədək 350 binanın zirzəmisindəki sistemlər təmir olunmuş və qurutma işləri aparılmışdır.
Modern.az