Noyabrın 28-də Azərbaycana rəsmi səfərə gələn Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Belarus Prezidentinə raport verib.
Belarus Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Belarus Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Aleksandr Lukaşenkoya, Belarus nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Prezidentlər rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü olub.
Modern.az