Modern.az

İnsan alveri problemi ilə bağlı daha bir təlim keçirilib

İnsan alveri problemi ilə bağlı daha bir təlim keçirilib

Aktual

27 Noyabr 2016, 22:19

Mingəçevir şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının və «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun birgə proqramı çərçivəsində gənclər üçün təlim keçirilib. «Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə» mövzusunda keçirilən təlimə regionlarda olan QHT nümayəndələri və  tələbələr qatılıb. Mingəçevir Media Mərkəzində gerçəkləşən təlimi “Mingəçevir Valdeynlər Assosiasiyası” İctmai Birliyinin icraçı direktoru Yeganə Nəbiyeva aparıb.

İnteraktiv keçən təlim zamanı iştirakçılara insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, onların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları ilə bağlı məlumat verilib. Həmçinin, iştirakçılar insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları ilə bağlı maarifləndirilib.

Təlim daha sonra rol oyunları ilə davam etdirilib. İştirakçılar qruplara bölünərək hazırladıqları kiçik rol oyunları ilə insan alveri problemi  ilə bağlı əldə etdikləri bilikləri nümayiş etdiriblər.

Daha sonra tədbirdə «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumu tərəfindən hazırlanan sosial çarx nümayiş etdirilərək müzakirə olunub.

Tədbirin sonunda proqram çərçivəsində region jurnalistləri arasında keçirilən insan alveri problemi mövzusunda ən yaxşı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə barədə məlumat verən “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev bildirib ki, 1 ay müddətində davam edən müsabiqəyə jurnalistlər üçün keçirilən təlim iştirakçıları qatılıblar: “Oktyabrın 22-də və 23-də keçirilən təlimə Mingəçevir, Oğuz, Ucar, Yevlax, Ağdaş, Goranboy, Ağcabədi, Bərdə, Tərtər, Göyçay və İsmayıllı rayonlarında dərc edilən media orqanlarında çalışan jurnalistlər qatılıb. Təlimdən sonra elan edilən müsabiqəyə 5 yazı təqdim olunub. Münsiflər heyəti tərəfindən qiymətləndirilmədən sonra 3 qalib müəyyələşdirilib. Müsabiqənin nəticəsinə görə, “Bərdə” qəzetinin baş redaktoru Elburus Məmmədov I yer, “Oğuz yurdu” qəzetinin baş redaktoru Nazim Hüseynli II yer, “İsmayıllı xəbərləri” qəzetinin müxbiri Elnarə Günəş isə III yerin qalibi olub”.

Elə həmin tədbirdə qaliblərə pul mükafatları təqdim olunub.   Təlimə BMqT Mingəçevir ofisinin nümayəndəsi Ləman Nəbizadə də qatılıb.

Qeyd edək ki, proqram çərçivəsində insan alveri probleminə dair müsabiqə ilə yanaşı, region jurnalistləri üçün 2 günlük təlim keçirilib, “Üç nöqtə” və “Mingəçevir işıqları” qəzetində 7 araşdırma yazı dərc edilib,  insan alveri problemi ilə bağlı bir saatlıq veriliş və videoçarx hazırlanaraq “Qarabağ TV” və “Mingəçevir TV”də yayımlanıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI