Modern.az

Hakimlərin cinayət təqibi ilə bağlı maddə dəyişdirildi

Hakimlərin cinayət təqibi ilə bağlı maddə dəyişdirildi

29 Noyabr 2016, 16:32

Azərbaycanda hakim haqqında cinayət təqibi ilə bağlı Baş prokurorun təqdimatına baxılması müddəti azaldılıb.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Məhkəmə və hakimlər haqqında" qanunun 101-ci maddəsinə (hakimlərin toxunulmazlığı) dəyişiklik edilməsi təklif edilib.

 

Dəyişiklik layihəsinə əsasən, hakim haqqında cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməsi barədə Azərbaycan Baş Prokurorunun təqdimatına daxil olduğu gündən 72 saat müddətində baxılacaq. Hazırda bu müddət 10 gündür. Qeyd edək ki, "Məhkəmə və hakimlər haqqında" qanuna əsasən, hakimi cinayət başında tutmuş cinayət təqibi orqanı bu barədə dərhal Baş prokurora məlumat verir. Baş prokuror hakim barəsində cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən etdikdə dərhal Məhkəmə Hüquq Şurasına bu barədə təqdimat verir. Məhkəmə Hüquq Şurası hakimin tutulduğu andan 24 saat müddətində onun barəsində cinayət təqibinin həyata keçirilməsinə dair təqdimata Baş prokurorun və ya onun müavininin iştirakı ilə baxır, həmin təqdimatın təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir.

 

Bu qərar dərhal Baş prokurora təqdim edilir. Məhkəmə Hüquq Şurasının razılığı olduqda, cinayət başında tutulmuş hakim barəsində cinayət təqibi cinayət-prosessual qanunvericiliyinə uyğun olaraq davam etdirilir. Belə razılıq olmadıqda cinayət başında tutulmuş hakim dərhal azad edilir. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI