Modern.az

Avropanı Bakıya gətirən bayram

Avropanı Bakıya gətirən bayram

Aktual

19 Noyabr 2016, 13:35

Avropa Film Festivalı bu il öz kulminasiyasına çatdı

 

“Bu yaxınlarda 10 ən baxımlı və duyğusal filmlərin siyahısına rast gəldim. Oradakı kinolardan bəzilərini artıq görmüşdüm. Görmədiklərim arasında “Sing street” diqqətimi çəkdi. Yazılmışdı ki, 80-ci illərin gəncliyinə aiddir. Getdim və baxdım. Özü də pulsuz - Avropa Film Festivalında. Hər kəsə də tövsiyyə edirəm”.

 

Facebook-da Naza adlı xanım tərəfindən paylaşılan bu status istifadəçilərdən çoxunun diqqətini çəkmişdi. Elə sosial şəbəkələrdə yayılan xəbərlərdən belə məlum olurdu ki, bu il Bakıda təşkil olunan VII Avropa Film Festivalında ən maraqlı lentlərdən biri elə “Sing Street” olubmuş. Filmdəki hadisələr ötən əsrin 80-ci illərində İrlandiyada cərəyan edir. 15 yaşlı Konorun ailəsi maddi sıxıntılar ucbatından çətinlik çəkir. Ona görə də onu özəl məktəbdən çıxarıb “Sing Street” xristian məktəbinə göndərirlər. Burada isə Konor vurulduğu qıza özünü sevdirmək üçün musiqi qrupu yaradır. Avropa Film Festivalı çərçivəsində məhz bu filmi izləyənlərin rəyləri də müxtəlif idi. Bəziləri filmin sevgi və insanların münasibətinə aid olduğunu yazır, bəziləri isə onun yaradıcılıq və musiqi haqqında olduğunu bildirirdilər. “Sing street”də 80-ci illərin rəngarəng kostyumları, böyük həcmli saç düzümləri, səviyyəli yumora da rast gəlmək olar. Bir sözlə, insana müsbət enerji verən xeyirxah bir ekran əsəri.

 

Pozitiv enerji qaynağı

 

Ümumiyyətlə, bu il Avropa Film Festivalında bu cür pozitiv, baxımlı, insana nəfəs verən kino lentlərinin sayı çox olub. Onların əksəriyyəti öz ölkəsində kifayət qədər tanınmış, istedadlı və peşəkar sənətçilər tərəfindən ekranlaşdırılan əsərlərdir. Məsələn, komediya-dram janrındakı İspaniya istehsalı olan “Bağlı gözlərlə yaşamaq asandır” filmi (rejissor David Trueben) bir sıra mükafatlar, o cümlədən ən yaxşı film nominasiyası da daxil olmaqla altı "Qoyya" mükafatı qazanıb. Bu dəfəki film festivalında Avropa İttifaqının 19 ölkəsində - Almaniya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Çexiya, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Macarıstan, Portuqaliya, Rumıniya və Yunanıstanı istehsal olunmuş bədii və sənədli filmlər nümayiş olunub. Festival çərçivəsində tamaşaçılara müxtəlif kateqoriyalarda - komediya, dram, romantika, fantastika, macəra janrlarında bədii və sənədli ekran əsərləri təqdim edilib.

 

 

Malena Mard: “Avropa mədəniyyəti müxtəlif rakursdan təqdim olunur”

 

Artıq 7 ildir "Park Cinema" kinoteatrlar şəbəkəsinin tərəfdaşlığı ilə baş tutan bu festival Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və üzv ölkələrin

Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilir. Bu səbəbdən də Avropa Film Festivalının açılışında təkcə kinosevərlər, mədəniyyət xadimləri deyil, həm də avropalı diplomatlar iştirak edirlər. Bu ilki festival da bu baxımdan istisna olmadı. Tədbirin açılışında Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard, bir çox ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Xanım Mard festivalın nümayiş olunacaq ekran əsərləri vasitəsilə Avropa mədəniyyətinin müxtəlif rakurslardan tamaşaçılara çatdırılması baxımından əhəmiyyətli olduğunu deyib.

 

Səfirlər də nümayişlərə qatılıblar

 

İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Die festivalın açılışında nümayiş olunan "Bağlı gözlərlə yaşamaq asandır" adlı ispan filmi haqqında məlumat verib.

 

Bundan əlavə, bir çox səfirliklər təmsil etdikləri ölkələrin istehsalı olan filmlərin nümayişinə də qatılıblar. Məsələn, Almaniya Səfirliyi Avropa Film Festivalı çərçivəsində Markus Gollerin “Dostluq” adlı alman komediyasını təqdim edib. “Park bulvar”da keçirilən nümayiş zamanı zaldakı bütün yerlər tutulub. Filmin seyrindən sonra səfir Mixael Kindsqrab kiçik bir viktorina təşkil edib və qaliblərə filmin DVD-ni hədiyyə olunub. Bundan əlavə, Fransanın ölkəmizdəki səfiri Orelia Buşez “Terra” filminin nümayişində iştirak edib. Burada tamaşaçılar filmin rejissoru Mişel Pitio ilə görüşüb onun özü ilə film haqqında müzakirə aparmaq imkanı qazanıblar.

 

 

Avropalı sənətçilər Bakı tamaşaçıları qarşısında

 

“Terra” ilə yanaşı, bir sıra digər filmlərin də yaradıcı heyəti Bakıda qonaq olub və azərbaycanlı tamaşaçılarla diskussiyalarda iştirak ediblər. Məsələn, “Ştrayf: cəhənnəmə səyahət” sənədli filmi üzərində çalışmış avstriyalı filmmeyker və prodüser, eləcə də xizəklə sürətli enmə yarışları üzrə menecer Herald Salmina da nümayişə qatılıb. Həmçinin, "Kiçik İngiltərə" filmində çəkilmiş Yunanıstanlı aktyor Vasilios Vassilakis, "Milli qəhrəman" filminin rejissoru, Xorvatiya təmsilçisi Vitez İvan və başqaları iştirak ediblər.

 

Yeri gəlmişkən, VII Avropa Film Festivalı çərçivəsində seansların hamısı demək olar tam anşlaqla keçib. Nümayişlərdə maksimum sayda iştirakçı və tamaşaçı sayını təmin etmək üçün Avropa İttifaqının Azərbaycan nümayəndəliyi və "Park Cinema" kinoteatrlar şəbəkəsi genişmiqyaslı PR kampaniyası da həyata keçiriblər.

 

“Bu festivalı bir il gözləyən tamaşaçılar var”

 

"Park Cinema" kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev deyir ki, Avropa Film Festivalları artıq bakılılar üçün bir ənənə halını alıb. Elə tamaşaçılar var ki, məhz festival çərçivəsində nümayiş etdirilən filmləri izləmək üçün bir il gözləyir. Çünki adətən belə festivallarda geniş prokata çıxarılmayan, amma çox maraqlı və baxımlı filmlər nümayiş etdirilir. Direktor onu da bildirib ki, ildən-ilə daha böyük maraq göstərilən Avropa film festivalı bu il özünün apogeyinə çatıb. Həm festivala ilk dəfə qatılan ölkələrin sayı artıb, həm də festivalın keçirildiyi müddət çoxaldılıb. Bu ilki festivalı 6-7 min insan izləyib. Filmlər proqrama əsasən "Park Cinema" kinoteatrlar şəbəkəsinin "Park Bulvar", "Metropark" və "Flame Tower" kinoteatrlarında nümayiş olunub. Nümayişlərin vaxtı, filmlərin cədvəli əksər media qurumları və sosial şəbəkələr vasitəsilə paylaşılıb.

 

Layiqli final – Azərbaycanın “Qırmızı bağ”ı

 

Qürurla qeyd etmək lazımdır ki, təşkilatçılar festivalın layiqli yekununa nail olmaq üçün sonuncu gün Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmini nümayiş etdiriblər. Mirbala Səlimlinin bu filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” nkino şirkətində lentə alınıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli və icraçı prodüserlərindən olan Timur Cəfərov ekran əsərinin çəkiliş prosesindən danışıblar.

 

Bildirilib ki, beş ilə ərsəyə gələn film vaxtilə babaları bəy olmuş, özü isə müəllim işləyən insanın həyatını əks etdirir. İnsan və təbiət arasında münasibətlərdən, arzuların gerçəkləşdiyi məkandan bəhs edən "Qırmızı bağ" filmində baş rolları Gülzar Qurbanova, Maqsud Məmmədov, Tale Badıyev və digərləri canlandırıblar. Filmin beynəlxalq premyerası 12-ci Avrasiya Beynəlxalq Film Festivalının (Qazaxıstan) əsas müsabiqə proqramında baş tutub. Film Almaniyada keçiriləcək 65-ci Mannheim-Heidelberg Beynəlxalq Film Festivalına və Misirin 35-ci Cairo Beynəlxalq Film Festivalına dəvət alıb.

 

Bütün bunları nəzərə alaraq, əminliklə demək olar ki, artıq Avropa Film Festivalı Azərbaycan kino həvəskarlarının ürəyinə yol tapa bilib. Bu tədbir tamaşaçılarla yanaşı, həm də peşəkar kino ilə məşğul olanlar üçün böyük əhəmiyyət daşıyır. Çünki Festival Azərbaycan və Avropa kino xadimlərinin qarşılıqlı mübadiləsinə imkan yaradan uğurlu bir platformaya çevrilib. Ümid edirik ki, sonrakı illərdə Avropa Film Festivalına qatılan ölkə və filmlərin sayı artacaq, bununla da azərbaycanlı tamaşaçıların daha keyfiyyətli və maraqlı əsərlər izləmək şansı yüksələcək.

 

Fərəh Sabirqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi