Türkiyənin Tunceli Valiliyi Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidənin sökülməsi ilə bağlı qərar qəbul edib. Artıq abidə sökülüb.
Bu haqda Modern.az-a hazırda Türkiyədə olan “Əsgər ailəsi” Cəmiyyətinin sədri Roza Əliqızı məlumat verib.
O bildirib ki, məsələ ilə əlaqədar dəfələrlə etiraz edib.
“Bununla bağlı Türkiyə telekanallarına çıxıb fikirlərimi bildirmişəm. Tunceli valiliyindən isə mənə bildiriblər ki, abidə artıq sökülüb”-deyə o söyləyib.
Xatırladaq ki, üzərində ""Erməni soyqırımı"nı lənətləyirik. Armenak Bakırcıyanı və Hrantı anırıq. 100-cü ilində "erməni soyqırımı" davam edir" sözləri yazılmış abidənin açılışı bu il aprelin 26-da olub.
Mərasimə Fransa və Yunanıstandan erməni diasporu nümayəndələri qatılıblar. Abidənin üzərində ASALA terror təşkilatının üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqırımlar törətmiş Monte Melkonyanın adı da var idi.
Modern.az