Bu gün Bakıda metroda yenə gərgin anlar yaşanıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Modern.az-a verdiyi məlumata görə, hadisə saat 13:18 radələrində metronun "Nərimanov" stansiyasında qeydə alınıb.
Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Sadıqov Murad Məhəmməd oğlu stansiyada özünü "İçəri Şəhər" - "Həzi Aslanov" xətti üzrə hərəkət edən 14 saylı marşrut qatarının altına atıb.
Qatar maşinistinin sayıqlığı nəticəsində qatarı saxlamaq mümkün olub. İntihara cəhd edən şəxs qatarın yolundan çıxarılıb, heç bir xəsarət almayıb.
Hadisə nəticəsində qatarların hərəkət intervalında gecikmə qeydə alınsa da, sonradan interval bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, dünən də metroda analoji hal yaşanıb. Belə ki, 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğlu özünü qatarın altına atmaq istəyərkən maşinist sayıqlığı nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Gülşən RAUFQIZI