Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) dekabrın 1-də keçirilmiş VII hesabat-seçki baş məclisində İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Məsələ ilə bağlı Modern.az saytı Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadənin fikirlərini öyrənib.
Çingiz Hüseynzadə bu gün Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınmasında MOK-un məqsədyönlü fəaliyyətinin özünəməxsus yeri olduğunu bildirib.
“ Dövlətimizin başçısı İlham Əliyevin göstəriş və tövsiyələrini rəhbər tutan MOK işini Olimpiya Xartiyası və nizamnaməsinin tələbləri əsasında qurub, fəaliyyətini ölkə Olimpiya hərəkatının və idmanın inkişafına xidmət edən məqsədləri həyata keçirməyə yönəldib”.
Vitse-prezident qeyd edib ki, son illər Azərbaycan mötəbər idman tədbirlərinə ev sahibliyi edir.
“Bu, ölkəmizin idman sahəsində uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir. Beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi üçün ölkəmizdə təşkilati baxımdan da yüksək şərait və imkan var. Bu, eyni zamanda, ölkəmizdə idmanın kütləviliyinin artmasına, gəncliyin sağlam ruhda yetişməsinə kömək edir. Azərbaycanda idmanın inkişafı getdikcə geniş vüsət alır və bu, yeni-yeni uğurlara vəsilə olur. Müstəqilliyini bərpa edəndən bu günədək Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda minlərlə medal əldə ediblər”.
Mirmahmud KAZIMOĞLU