“Yeni xarici siyasət konsepsiyasında Rusiya tərəfindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Dağlıq Qarabağ münaqişəsinin həllinin prioritet vəzifələr sırasında müəyyən olunmasını alqışlayır və təqdir edirik”.
Bunu Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib: “Konsepsiyada münaqişənin həlli prosesində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının 2009-2013-cü illərdə verdikləri bəyanatlarında ifadə olunan prinsiplərin əsas götürüldüyü qeyd olunur”.
XİN rəsmisinin sözlərinə görə, bu bəyanatlarda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində xüsusilə mövcud status-kvonun qəbuledilməzliyi və qeyri-davamlı olduğunu vurğulayırlar:
“Azərbaycan tərəfi Prezidentlərin Sankt-Peterburq görüşündə aparılmış müzakirələrə uyğun olaraq , Rusiya və ATƏT Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli, qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun tezliklə dəyişdirilməsi istiqamətində konstruktiv addımlarını davam etdirəcək”.
Ağa AKİFOĞLU