Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 2-də Zərdab rayonuna səfər ediblər.
Dövlət başçısı və xanımı görkəmli siyasi xadim Heydər Əliyevin Zərdab şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstəsi qoyubar.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib.
***
Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına və xanımına məlumat verdi ki, xəstəxana əsaslı təmir və yenidənqurmadan sonra 125 çarpayılıq tibb müəssisəsi kimi fəaliyyət göstərəcək. Hazırda xəstəxanada 530 işçi çalışır ki, onlardan 57-si həkim, qalanları isə orta tibb işçiləridir.
İki korpusdan və doqquz yardımçı binadan ibarət olan xəstəxananın əsas korpusunda cərrahiyyə, ginekologiya, doğum, terapiya, dializ, şüa-diaqnostika, intensiv terapiya, poliklinika və digər şöbələr fəaliyyət göstərəcək. Digər korpusda isə yoluxucu xəstəliklər bölməsi fəaliyyət göstərəcək.
Müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunan Zərdab Rayon Mərkəzi Xəstəxanasında ətraf rayonlardan gələnlərə də tibbi xidmət göstəriləcək. Xəstəxananın laboratoriyası analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib.
Zərdab Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətn başçısı və xanımı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.
Xəstəxananın kollektivi adından çıxış edən Esmira Tağıyeva və rayon ictimaiyyəti adından danışan Fiqurə Abbasova göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər.
Modern.az