Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) martın 9-da bir qrup qadın jurnalisti, dövlət məmurunu, millət vəkilini mükafatlandırıb. Modern.az-ın məlumatına görə, bu məqsədlə təşkil olunan tədbiri giriş sözü ilə açan AJQA-nın prezidenti Sevil Yusifova bildirib ki, artıq 12 ildir bu mükafat fərqlənənlərə verilir. Onun sözlərinə görə, bu fərqlənmə aparılan sorğuların nəticəsində bəlli olur.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli AJQA-nın və təşkilatın rəhbəri Sevil Yusifovanın son illər gördüyü işləri yüksək qiymətləndirib.
Tədbirdə "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, millət vəkilləri Vahid Əhmədov, Fazil Mustafa və Musa Qasımlı, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elnur Vəlizadə, “Nur” Uşaq Təşkilatının rəhbəri Sevinc Muradova, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirinin xanımı Günay Kılıc, Kıprıs Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi Zəki Qazioğlu və digərləri mükafat alanları təbrik edib, onlara uğurlar arzulayıblar.
Beləliklə aşağıdakı şəxslər mükafatlandırılıblar: Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə dövlət siyasətinin icrasına və mətbuatın inkişafındakı xidmətlərinə görə - Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli;
Mətbuatın inkişafındakı xidmətlərinə görə Bətul Eyvazlı (AzərTAc), Dilarə Vəkilova və Fəridə Ləman;
Mətbuatda səmərəli fəaliyyətinə görə Arzu Şirinova ("Xalq Cəbhəsi" qəzetinin redaktoru), Rəfiqə Hüseynova ("Səs" qəzeti), Xuraman Məmmədova ("İki sahil" qəzeti); İlin jurnalist qadını Günel Mövlud (Lent.az), Fizzə Heydərova ("Azadlıq" qəzeti);
İlin xarici siyasətdən yazan jurnalisti Səba Ağayeva (“Trend” İnformasiya Agentliyi);
İlin xəbər aparıcısı Günay Hüseynova (“Lider” TV);
İlin iqtisadiyyatdan yazan jurnalisti Həbibə Abdullayeva ("Yeni Müsavat" qəzeti);
İlin televiziya müxbiri Firuzə Qurbanlı (“Xəzər” TV);
İlin xəbər reportyoru Nailə Ağaverdiyeva (“Səs” İnformasiya Agentliyi);
Mədəniyyət mövzularında yazan jurnalist Kəbutər Haqverdiyeva ("Yeni Azərbaycan" qəzeti);
İctimai-siyasi mövzularda yazan jurnalist Ülkər Bəkirli (“Mediaforum” saytı);
Sosial mövzularda yazan jurnalist Leyla Haqverdiyeva (“Day.az” xəbər portalı);
Siyasətdən yazan jurnalist Fərəh Əliyeva (Modern.az saytı və "Ayna" qəzeti);
Hərbi mövzulardan yazan jurnalist Təranə Məmmədova (Daxili Qoşunların əməkdaşı);
Qadın və gənclər siyasətini fəal işıqlandıran qəzet "Həftə içi";
İlin press attaşesi Fəridə Behbudova (“Azərenerji” SC-nin mətbuat xidmətinin rəhbəri);
Milli-mənəvi dəyərlərin, vətənpərvərlik hissələrinin təbliğinə görə "Kaspi" qəzeti;
Peşəkar verilişlərin hazırlanmasına, mədəniyyətə verdiyi töhfələrə və gənclərin təlim-tərbiyəsindəki roluna görə AzTV;
İlin internet qəzeti “Milli.az”;
İlin sosial verilişi “İç xəbər” (ANS);
İlin mədəniyyət proqramı “Mədəniyyət saatı” (Space”);
Genefondumuzun qorunması sahəsində maarifləndirici verilişlərin hazırlanmasına görə ELTV (Yevlax şəhərində regional TV);
Türk-Azərbaycan qadınları arasında əlaqələrin inkişafındakı xidmətlərinə görə Günay Kılıç (Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirinin xanımı);
Mətbuata açıq olan diplomat Zəki Qazioğlu (Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı təmsilçisi);
Mətbuata açıq olan dövlət məmuru Əli Abbasov (rabitə və texnologiyalar naziri);
Mətbuata açıq olan millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa və Vahid Əhmədov. Qaliblərə Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının mükafatı verilib. Modern.az