Modern.az

Rövnəq Abdullayev köçkünləri dondurub öldürəcək 

Rövnəq Abdullayev köçkünləri dondurub öldürəcək 

Aktual

6 Dekabr 2016, 09:36

 

Beş ildən artıqdır ki, Göranboy rayonunun bir neçə kəndi, xüsusulə də məcburi köçkünlərin məskunlaşdıqları  Qaraçinar, Yenikənd, Meşəli kəndlərinə qəsdən qaz verilmir. Qəsdən olmasaydı Qaraçınardan keçərək digər kəndlərə mavi yanacaq veriləndə heç olmasa bu kənd də yada düşərdi. İllərdir ki, bu kənddə yaşayan məcburi köçkünlər kəndin mərkəzindən digər yaşayış məntəqələrinə ötürülən qaz borusuna baxıb "umsunurlar", özlərinə qarşı ayrıseçkilik hiss edirlər.

Hətta məcburi köçkünlərin bununla bağlı müraciət etmədiyi dövlət qurumu qalmayıb. Aldıqları cavabdan belə görünür ki, onların probleminin həlli ARDNŞ prezidenti, deputat Rövnəq Abdullayevin əlindədir. Rövnəq Abdullayev isə onların qaz probleminin həllində hələ də maraqlı görünmür.

Ucqar dağ bölgəsində yaşayan bu insanların qışda qızınmaq üçün meşələri qırmaqdan başqa çarələri qalmır. Görünür Hörmətli deputat bunu da qəsdən edir. Çünki donmamaq üçün məcburən insanlar meşələrdən istifadə etməyə məhkumdurlar. Əcəba, görəsən, Rövnəq Abdullayev məcburi köçkünlərə niyə qənim kəslib? Bu sualın cavabını hələ ki, Rövnəq Abdullayevdən savayı bilən yoxdur. Axı o məcburi köçkünlər Rövnəq müəllimə nə ediblər ki? Onlar hara, hörmətli Rövnəq Abdullayev hara...

Modern.az saytı uzun illərdir ki, məsələ ilə bağlı Azəriqaz” İstehsalat Birliyindən münasibət öyrənir. Hər il verilən cavab təxminən eyni olur.

Elə “Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin indi söylədikləri kimi. Yəni bircə kibrit çatmır. Məcburi köçkünlər kibriti alışdırsalar qazları yanacaq. Bir dövlət qurumunun illərdir bu şəkildə əfsanlər söyləməsi heç cür anlaşılan deyil. Bunun əvəzində "Biz o kəndlərə, o məcburi köçkünlərə qaz verməyəcəyik" deyilsə, daha yaxşı olmazmı...?  

“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin bildirib ki, Goranboy rayonunun Qaraçinar, Yenikənd, Meşəli kəndlərində 532 mənzil qazlaşdırılıb:

“532 mənzildən 11-i Meşəlidə, 36-sı Yenikənd ərazisindədir. İşlər yekunlaşdırılıb, həmin mənzillərdə sayğac quraşdırılıb, məhəllədaxili daşıyıcı qaz xətləri çəkilib. Hazırda aidiyyatı qurumlarla birlikdə istismara qəbul sənədləri hazırlanır. Sənədlər təsdiq edildikdən sonra təbii qazın verilişi təmin ediləcək”.

İ.Kərbalayevin sözlərinə görə, Qaraçinarla yanaşı digər ərazilərin də qazlaşdırılması işləri həyata keçirilir:

“Yolpak, Goranlı, Qaramusalı, Səmədabad və digər kəndlərdə də qazlaşdırma işləri gedir. Tikinti-quraşdırma işləri bitdikdən sonra ardıcılıqla təbii qazın verilişi təmin olunacaq”.

Onun sözlərinə görə, 2016-ci ilin 11 ay ərzində 195 yaşayış məntəqəsi mavi yanacaqla təmin olunub.

 

Hörmətli “Azəriqaz” İstehsalat Birliyinin sözçüsündən xahiş edirik, "qazlaşdırılıb" sözünün mənasını bizə izah etsin. Axı o kəndlərdəki məcburi köçkünlər illərdir göz dağına çevrilən qaz borularından başqa bir şey görməyiblər. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu