Məcburi köçkünlərlə “Azərişıq” arasında gərginlik yaranıb
Qaz və elektrik enerjisi tarifləri dəyişdirildikdən sonra məcburi köçkünlərlə “Azərişıq” ASC-nin əməkdaşları arasında gərginlik yaranıb.
Bu haqda Modern.az-a Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov məlumat verib.
O deyib ki, məcburi köçkünlərin “Azərişıq”a kütləvi borcu yaranıb:
“Bildiyiniz kimi məcburi köçkünlərə kommunal xidmətlərə görə limit tətbiq edilir. Yanvar ayından etibarən məcburi köçkünlər həmin ödənişləri özləri ödəyəcəklər.
Təsəvvür edin ki, bəzi qəsəbələrdə alternativ enerji olmadığına görə, məcburi köçkünlər yalnız elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalırlar. Bu da kommunal xidmətlər üçün ayrılmış limiti ötmüş olur. Bu da “Azərişıq”la məcburi köçkünlər arasında qarşıdurma həddinə qədər gəlib çıxır. Hazırda məcburi köçkünlərin “Azərişıq”a kütləvi borcu yaranıb. Hər qəsəbədə isə qurumun nümayəndələri məcburi köçkünlərin işığını kəsir və beləcə problem daha da qabarır”.
Sədr deyib ki, hazırda məsələ ilə bağlı dövlətə müraciət hazırlanır:
“Bir çox təşkilatlar bu məsələni diqqətdə saxlamalıdır. Heç olmasa əraziyə qaz çəkilsin ki, insanlar yaşaya bilsinlər. Yeni tikilən qəsəbələrdə bu problemlər yoxdur. Amma yataqxanalarda, müxtəlif köhnə idarə və binalarda məskunlaşanlar bu problemlə üz-üzədirlər.
Məcburi köçkünlərin 2017-ci il yanvarın 1-nə qədər kommunal xidmətlərə görə olan borcları ya dövlət tərəfindən ödənilsin, ya da bağışlanılsın. Bu çox ciddi problemdir. Tarif Şurasının qərarı ilə xidmət haqlarının artırılması və müəyyən limitdən sonra daha baha hesablanması vəziyyəti daha da gərginləşdirib. Ən azından köçkünün borcu artsa belə, ona ayrılan limit həddini aşsalar belə, işıqları kəsilməsin”.
Gülşən RAUFQIZI