Tanınmış hüquq müdafiəçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər. Modern.az-ın məlumatına görə, müraciət müəllifləri son zamanlarda Azərbaycanda gənclərə qarşı davamlı şəkildə həyata keçirilən təzyiqlərdən narahat olduqlarını bildirib, prezidentdən kömək istəyiblər. Müraciətdə deyilir:
- Son vaxtlarda 5 gənc - Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, Dəyanət Babayev, Səxavət Soltanlı və Rəşadət Axundov həbs olunublar. Həbs zamanı onlara qarşı qeyri-qanuni hərəkətlərə yol verilib, 3 nəfər isə - D.Babayev, S.Soltanlı, R.Axundov küçədə, valideynləri ilə yol gedərkən saxlanılaraq həbs ediliblər. Bu şəxslər həbs olunarkən onlara qarşı heç bir ittiham irəli sürülməyib.
Cənab Prezident!
Azərbaycan Respublikası beynəlxalq aləmin bir subyekti olaraq bir çox insan hüquqları təsbit olunan sənədlərə imza atıb və demokratik prinsiplərə, insan hüquqlarına hörmətini hər zaman bəyan edib. Bu prinsiplərə zidd olan hərəkətlərə yol verilmiş son hadisələr isə ölkəmizin, dövlətimizin nüfuzuna xələl gətirir. Biz bu cür qeyri-qanuni hərəkətlərə yol verən məmurların cəzalandırılmasını tələb edir, Konstitusiyamızın və hər bir azərbaycanlının hüquqlarının qarantı olan Sizdən hadisələrə son qoymağı, Azərbaycan gənclərinin müdafiəçisi olmağa, gənclərə qarşı yönəlmiş qanunsuz hərəkətlərə son qoymağa çağırırıq.
Hörmətlə:
Novella Cəfəroğlu
Səidə Qocamanlı
Səadət Bənənyarlı
Elmira Ələkbərova
Arzu Abdullayeva