Rusiya və Türkiyənin dollarsız xarici ticarət anlaşması ABŞ pulunun məzənnəsinə təsir edə bilərmi? Modern.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov növbəti şərhində bu suala aydınlıq gətirib.
O bildirib ki, bu razılıq dolların məzənnəsinə təsir etmir və edəcəyi də gözlənilmir:
“Aydındır ki, dünya ehtiyatlarının 64 faizinin saxlandığı pul vahidinə aralarındakı illik ticarət dövriyyəsi 23.9 milyard dollar olan ölkələrin razılaşması təsir etməyəcək. Avronun son 2 gündə möhkəmlənməsi isə daha çox İtaliyadakı seçkilər ilə bağlıdır. Digər tərəfdən, hətta sözügedən ölkələr xarici ticarətdə başqa valyutadan istifadə etsələr belə, bu, həm vətəndaşlarının, həm də şirkətlərinin dollarlaşma səviyyəsini azaltmayacaq. Yenə də, riskləri sığortalamaq üçün hətta biznes belə aktivlərinin əhəmiyyətli hissəsini dollarda saxlamağa üstünlük verəcək”.
V.Bayarmovun sözlərinə görə, dövlətlər anlaşmada dollardan imtina edə bilər:
“Amma vətəndaşlar və sahibkarlar bunu etməyəcəklər. Eyni zamanda, belə anlaşmaların nə qədər uzun müddətli olması və necə monitorinq edilməsi də müzakirə tələb edən məsələlərdəndir. Tarixən belə cəhdlər çox olub, amma dollar güclənməkdə davam edib. Bu baxımdan, hələlik dolların məzənnəsinə təsir edə biləcək yeganə ölkə elə ABŞ-ın özüdür. Amerikanlar isə hələlik möhkəm dollardan məmundurlar”.
Gülşən RAUFQIZI