Modern.az

Lerikə, Qusara, Qubaya güclü qar yağıb

Lerikə, Qusara, Qubaya güclü qar yağıb

6 Dekabr 2016, 13:59

Dekabrın 5-i günün ikinci yarısından 6-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub. Bəzi yerlərdə yağış , sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensivləşib. Hazırda da ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etməkdədir.

Məsələ ilə bağlı  Modern.az saytı  rayonlarla əlaqə saxlayıb.

 

Lerik Fövqəladə Hallar Komissiyasının sədrinin müavini Əflatun İbrahimov hazırda Lerikə güclü  qar yağdığını deyib.

 

“Qar örtüyünün hündürlüyü təxminən 4-5 sm-dir. Güclü şaxta müşahidə olunmur. Kəndlərlə tez-tez əlaqə saxlanılır. Əhaliyə qazı, suyun və işığın verilməsində heç bir məhdudiyyət yoxdur. Rayon və kəndlərdə yollar açıqdır.  Bu gün bizdə həm də qəbul günüdür. Kəndlərdən, rayondan qəbula gələn insanların şikayətinə baxılacaq. Əgər hər hansı bir şikayət olarsa, dərhal həll olunacaq. Amma Lerikdə ümumi vəziyyət hazırda normaldır”.

 

Qusarın icra başçısının köməkçisi Ağamalıyeva Marina dünən axşamdan Qusara qar yağdığını bildirib.

 

“ Hazırda da qar yağmaqda davam edir. Qusarın mərkəzində qar örtüyünün hündürlüyü 6-7, kəndlərdə isə 9-10 sm-dir. Amma buna baxmayaraq Qusarda heç bir problem yaranmayıb. Əhali fasiləsiz olaraq qaz, su və işıqla təmin olunurlar. Məktəblər və digər qurumların fəaliyyətində  heç bir fasilə yaranmayıb”.

 

Quba rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun  aparıcı məsləhətçisi Qoşqar Həsənov hazırda güclü qarın yağdığını deyib.

 

“Qar örtüyünün hündürlüyü rayonda 10 , kəndlərdə isə 15-20 sm-dir.  Xınalıqda da qarın hündürlüyü 20-22 sm təşkil edir. Biz tez-tez kəndlərlə əlaqə saxlayırıq. Düzdür, dünən axşam saatlarında qısa bir müddətdə işığın verilməsində fasilələr yarandı. Amma tez bir zamanda yaranmış nasazlıq aradan qaldırıldı. Rayon və kəndlərdə yollar açıqdır.  Hazırda isə rayon əhalisi fasiləsiz olaraq qaz, su və işıq ilə təmin olunurlar. Rayon ərazisində ümumi vəziyyət isə normaldır”.

 

Mirmahmud KAZIMOĞLU

 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu