Azərbaycanda mədəniyyət, təhsil və səhiyyə sahəsində çalışanların əmək haqqının qaldırılmasını təklif edilir.
Modern.az-ın xəbərinə görə, bu təkliflə deputat Fazil Mustafa Milli Məclisdə 2017-ci il büdcəsinin müzakirəsi zamanı çıxış edib. O bildirib ki, büdcədən bir sıra sahələrə ayrılmalar artdığı halda, mədəniyyət və incəsənət sahəsinə ayrılan vəsait azaldılıb: “Onsuz da bu sahədə çalışan insanlar çox cüzi maaş alırlar. Onların aldıqları maaş ölkədəki minimum yaşayış səviyyəsinə yaxındır. Bu maaşla yaşamaq mümkün deyil. Ona görə də bu sahəyə diqqət yetirmək lazımdır”.
F.Mustafa eyni zamanda təhsil və səhiyyə işçilərinin maaşlarının qaldırlmasını vacibliyini deyib: “Bu gün repetitorluqla məşğul olmayan müəllimin aldığı maaş mədəniyyət sahəsində çalışan şəxsdən heç də fərqli deyil və çox aşağı səviyyədədir. Elə bunu səhiyyə sahəsində çalışanlara da şamil etmək olar. Odur ki, bu sahədə çalışanalrın sosial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülməlidir”.
Ağa AKİFOĞLU