Modern.az

Eldar İbrahimov: “İtkiyə yol verməmək lazımdır”

Eldar İbrahimov: “İtkiyə yol verməmək lazımdır”

7 Dekabr 2016, 10:12

Milli Məclisin dünən keçirilən iclasında 2017-ci ilin büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deputat Eldar İbrahimov Azərbaycanda iqtisadi inkişaf strategiyasının düzgün istiqamətdə aparıldığını qeyd edib.

Modern.az-ın məlumatına görə, E.İbrahimov keçən dövr ərzində əldə edilən nailiyyətlərin belə deməyə əsas verdiyini bildirib.

 “Son illər dünya iqtisadiyyatında baş verən böhranlar, yeni müharibə ocaqlarının alovlanması, aparıcı dövlətlərin siyasi aləmdə yaratdıqları gərginliklər və digər xarici  amillər nəticəsində neftin qiymətinin kəskin aşağı düşməsi 2017-ci ilin büdcəsinin ümumi parametrlərinə öz mənfi təsirini az da olsa göstərmiş, cari ilə nisbətən büdcənin gəlir və xərcləri bir qədər azalmışdır. Buna baxmayaraq hörmətli Prezidentimiz İlham Əliyev cənablarının əzmlə həyata keçirdiyi istiqamətlər və meyarlar üzrə artım əldə ediləcəkdir.

Bildiyiniz kimi cənab Prezident prezidentliyinin ilk illərindən başlayaraq iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişaf etdirilməsini əsas prioritet kimi göstərmiş və aparılan siyasətin mərkəzində  insan faktorunun dayandığını dəfələrlə qeyd etmişdir. Gələn ilin büdcə materiallarının təhlili bu istiqamətlər üzrə uğurlu nəticələr əldə edildiyini və növbəti ildə də artımlar olacağını göstərir.  

Belə ki, ildən-ilə dövlət büdcəsinin neft amilindən asılılığı azalır və  dövlət büdcəsinin gəlirlərində   neft sektorunun payı 2015-ci ildə  58,4 faiz  olduğu halda 2017-ci ildə 49,2 faiz nəzərdə tutulur. Əgər sosialyönlü xərclərin(əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması üzrə xərclərin cəmi) xüsusi çəkisi 2015-ci ildə 31,8 faiz təşkil  edirdisə, 2017—ci ildə 40,3 faiz nəzərdə tutulur.

Bu isə respublikamızda son illər qeyri-neft sektorunda innovasiyalı və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması,davamlı olaraq aparılan iqtisadi islahatlar, qeyri- neft sektoruna investisiyaların həcminin artırılması, sahibkarlığın inkişafı üçün münbit şəraitin  yaradılması, yeni sənaye  müəssisələrinin fəaliyyətə başlaması, vergi bazasının genişlənməsi, vergidən yayınmaların qarşısının alınması və digər tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır. Bütün bunlar isə vergi və rüsumların, habelə digər büdcə gəlirlərinə   dair nəzərdə tutulan  tapşırıqların yerinə yetirilməsindən asılıdır.   Hər il olduğu kimi gələn ildə də büdcə gəlirlərinin əsas ağırlığı Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin üzərinə düşür. Ümid edirik ki, onlar gələn ildə də üzərlərinə düşən bu çətin işin öhdəsindən uğurla gələcək və dövlət büdcəsinə nəzərdə tutulandan da çox vəsait köçürülməsini təmin edəcəklər”.

 

Deputat deyib ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan regionların inkişafı sahəsində görülən işlər də artıq  öz bəhrəsini verir.


“Qeyd etmək istəyirəm  ki, ölkəmizdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu istiqamətdə apardıqları işlər və göstərdikləri səylər    nəticəsində bütün şəhərlər və 25 rayon (cəmi 56 rayonun 45 faizi) gələn il öz xərclərini özlərinin gəliri hesabına ödəyəcəklər, Bu isə o deməkdir ki, həmin şəhər və rayonlar dövlət büdcəsindən dotasiya almayacaqlar. Bu tədbir onları daha yaxşı işləməyə, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına sövq edəcəkdir.  

Məlumdur ki, qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar bölmə bütün dünya ölkələrində olduğu kimi respublikamızda da dövlət dəstəyi olmadan inkişaf edə bilməz. Ona görə də bu sahə hörmətli Prezidentimizin diqqət və qayğısı ilə  daim əhatə olunur. Məhz bunun nəticəsidir ki, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin bazasını təşkil edən aqrar bölmədə məhsul istehsalının artımı, məhsuldarlığın yüksəlməsi, intensivləşmənin genişlənməsi, yeni texnika və texnologiyaların tətbiqi, müasir tələblərə cavab verən emal müəssisələrinin, aqroparkların və digər obyektlərin yaradılmasında əhəmiyyətli işlər görülmüşdür”.

 



Eldar İbrahimovun sözlərinə görə, ölkə üzrə dövlət büdcəsi  xərclərinin azalması  ilə əlaqədar cari ilə nisbətən gələn il aqrar sahəyə  bir qədər az vəsaitin ayrılması bu işlərin əvvəlki həcmdə icrasını təmin etməsə də,  təqdim edilən layihənin təhlili göstərir ki, kənd təsərrüfatı məhsulları istehsalının artımı və  bu sahənin intensiv inkişafı üçün praktiki əhəmiyyət təşkil edən tədbirlər üçün ayrılan vəsaitlər azalmayıb, əksinə artıbr.


“Məlumdur ki, məhsul istehsalının artımı üçün ilk növbədə əldə olunan məhsulu qoruyub saxlamaq və itkiyə yol verməmək lazımdır. Bu mənada baytarlıq və fitosanitar tədbirlərə büdcədən ayrılan vəsaitin artırılması diqqətə layiqdir. Belə ki, elə tədbirlər var ki, ona vəsaitin az ayrılması və ya növbəti illərə saxlanması kənd təsərrüfatının ümumi inkişafına həmin büdcə ilində o qədər də təsir göstərmir. Ancaq baytarlıq və fitosanitar tədbirlər vəsaitin az olması səbəbindən  lazımi səviyyədə aparılmadıqda onlar hər gün öz mənfi təsirini göstərə bilər. Bu isə milyonlarla itki deməkdir.  Odur ki, məsələyə belə düzgün yanaşdıqlarına görə büdcə layihəsini tərtib edənlərə təşəkkür edirəm.

Bu məsələ toxumçuluqla məşğul olan təsərrüfatlara ayrılan büdcə vəsaitinin artırılmasında da öz əksini tapmışdır. Bu da onu göstərir ki, Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafında intensivləşməni əsas prioritetlərdən biri kimi  götürmüş və bu məqsədlə də bitkiçilikdə toxumçuluğun inkişafını təmin etmək üçün büdcədən ayrılan vəsaiti artırmağı nəzərdə tutmuşdur. Məhsul istehsalının artımında son illər müsbət nəticələr verən subsudiyalaşma prosesi(əkinlərə, Gübrə və yanacağa və s. görə verilən subsudiyalar) də gələn il əvvəlki illərdə olduğu səviyyədə davam edəcəkdir. Hörmətli Prezidentimizin imzaladığı sərəncamlara uyğun olaraq növbəti ildə buğda, çəltik, pambıq və tütün  istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi, habelə ölkədə ipəkçiliyin inkişafı ilə əlaqədar və  Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanması və istifadəsi ilə bağlı subsudiyanın verilməsi üçün aqrar sektora ayrılan xərclər  növbəti ilin büdcə xərclərində öz əksini tapmışdır.  Bütün bunlar 2017- ci ildə  kənd təsərrüfatının inkişafına ayrılan büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə   imkan verəcəkdir. Yəni çox vəsait ayırıb səmərəsiz istifadə etməkdənsə, az vəsait ayırıb daha səmərəli istifadə etmək olduqca faydalıdır. Özü də bu vəsait həlli daha vacib olan təxirəsalınmaz  məsələləri əhatə edəndə onun səmərəsi də yüksək olur. Bu isə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və ixrac potensialının artırılması baxımından cənab Prezidentin müəyyən etdiyi prioritetlərin icrasını təmin etməyə imkan verəcəkdir. Bu priotitetlər isə hörmətli Prezidentimizin müəyyən etdiyi kimi kənd təsərrüfatı məhsullarının ixracı hesabına, habelə sənaye potensialı və kənd təsərrüfatının gələcək inkişafı nəticəsində  təmin ediləcəkdir.


Eyni zamanda bildirmək  istəyirəm ki, bu il, Hörmətli Prezidentimizin təşəbbüsü və tapşırığı ilə aqrar sektorun və kənd ərazilərinin davamlı inkişafında mühüm əhəmiyyəti olan  “Kənd təsərrüfatı kooperasiyası  haqqında” Qanun qəbul edilmişdir. Hesab edirəm ki, hökumət həmin qanunun tələblərinə uyğun olaraq aqrar sektorun inkişafında qabaqcıl mövqe tutan ölkələrdə olduğu kimi respublikamızda da kənd təsərrüfatı kooperasiyası hərəkatının gücləndirilməsi üçün təsirli tədbirlər görəcək,  böyük səmərəsi olan bu işə dövlət dəstəyini əsirgəməyəcək. Kənd təsərrüfatı kooperasiyasının inkişafı həm də ölkəmizə valyuta gətirəcək ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının artımına da təkan verməklə büdcə gəlirlərini artırmağa imkan verəcək.   Dünya ölkələrinin təcrübəsi göstərir ki, kənd təsərrüfatına sərf edilən xərclər tezliklə öz səmərəsini verir və böhranlı illərdə ən az zərər görən sahə də aqrar sektordur. Ona görə də bu sahə ölkəmizdə həmişə diqqət mərkəzində olub və hesab edirik ki, bundan sonra da onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir”.


E.İbrahimov Naxçıvanın blokadada olmasını nəzərə alaraq onun büdcəsinin formalaşmasına diqqətlə yanaşdıqlarına görə Naxçıvan şəhərindən olan bir deputat kimi maliyyə naziri Samir Şərifova minnətdarlıq edib.

 

O, 2017-ci ilin büdcə layihəsinin mövcud tələblərə uyğun tərtib edildiyi və deputatları ona səsə verməyə çağırıb.

 

Modern.az


Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu