Modern.az

İlham Əliyev: "Cinayət işi açılıbdır və bunu edənlər öz cəzasını alacaqlar"

İlham Əliyev: "Cinayət işi açılıbdır və bunu edənlər öz cəzasını alacaqlar"

10 Mart 2011, 10:21

“Bir müddət bundan əvvəl mənim sədrliyimlə şəhərimizin metro təsərrüfatının inkişafına dair geniş müşavirə keçirildi, proqram hazırlanır və qəbul olunmalıdır. Xarici məsləhətçilər cəlb edilmişdir və ən azı 2015-ci ilə qədər Bakıda yeni altı stansiya istismara verilməlidir. Hazırda stansiyaların sayı iyirmi ikidir. Böyük inkişaf planına əsasən, bu stansiyaların sayı haradasa yetmişə çata bilər. Ancaq bu böyük inkişaf, bəlkə də 30-cu ilə qədər çəkəcəkdir. Hər halda, 15-ci ilə qədər altı stansiya istismara verilməlidir”. Modern.az-ın məlumatına görə, bu sözləri president İlham Əliyev martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində paytaxt və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə söyləyib.

Prezident deyib ki, şəhərin müxtəlif yerlərində yeni parkların, meşə zolaqlarının, bağların salınması planları var. “Şəhər İcra Hakimiyyətinə bu məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. İndi təhlillər aparılır, hesab edirəm ki, gələn ildən bu məsələ ilə bağlı da biz əməli tədbirlərə başlayacağıq. Qəsəbələrin problemlərinin həlli üçün, yenə də deyirəm, ilk növbədə qaz, işıq, su, kanalizasiya, suvarma, sosial infrastruktur layihələri öz həllini tapmalı, məktəblər, tibb ocaqları tikilməli, abadlıq işləri aparılmalıdır. Bəzi qəsəbələrdə abadlıq işləri lazımi səviyyədə aparılır, bəzi qəsəbələrdə ümumiyyətlə aparılmır. Proqramda bu məsələ ilə bağlı xüsusi maddələr olmalıdır ki, qəsəbələrin xarici görkəmi də gözəl, müasir olsun. Bütün qəsəbələrdə müasir şərait yaradılmalıdır. Bununla bərabər, Bakıətrafı qəsəbələrdə yaşayan vətəndaşların məşğulluq məsələləri də həll olunmalıdır”. Müşavirədə qiymətlər məsələsinə toxunan ölkə başçısı inhisarçılıq barədə danışıb: “Bəzi hallarda biz inhisarçılıqla bağlı mübarizəmizi ancaq idxal olunan malların gətirilməsində görürük. Burada həqiqət və ədalət vardır. Biz inhisarçılıqla bağlı ciddi mübarizəni aparırıq və aparacağıq. Ancaq o da həqiqətdir ki, son illər ərzində ölkəmizdə görülən işlər, qoyulan vəsait və aparılan iqtisadi siyasət nəticəsində bizdə yerli istehsal böyük dərəcədə artıbdır.

Biz indi özümüzü bir neçə əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edirik. O məhsullarla ki, təmin etmirik biz onu da bilirik, yaxın zamanlarda onu da təmin edəcəyik. Ancaq ölkə daxilində istehsal olunan məhsulların qiyməti bəzi hallarda əsassız və süni şəkildə artırılır. Bu yaxınlarda yumurtanın qiyməti kəskin şəkildə artmışdır. Mən göstəriş verdim ki, araşdırsınlar. Biz özümüzü yumurta ilə təmin edirik. Yumurta Azərbaycanda istehsal edilir, demək olar ki, idxal olunmur. Nə üçün onda qısa müddət ərzində yumurtanın qiyməti bir neçə dəfə qalxdı? İndi iyirmi qəpikdən artıqdır. Kim bunu edir? Araşdırırıq bu məsələni. Burada sırf inhisarçılıq, istehsal sahəsində inhisarçılıq vardır. Buna dünyada “Kartel sövdələşməsi” deyirlər. Bu, sırf “Kartel sövdələşməsi”nin təzahürüdür. Mən dərhal göstəriş verdim ki, yumurtanın qiymətini süni şəkildə şişirdənlər məsuliyyətə, cinayət məsuliyyətinə cəlb olunsunlar. Cinayət işi açılıbdır və bunu edənlər öz cəzasını alacaqlar. Biz sahibkarlığı dəstəkləyirik. Mən dəfələrlə demişəm ki, sahibkarlıq inkişaf etməlidir. Nə qədər kreditlər verilib. Dövlət kreditlər verməsəydi, onlar o pulu haradan götürüb fermaları tikə bilərdilər? Dövlət onlara dəstək olmasaydı, infrastruktur yaratmasaydı, elektrik xətləri çəkməsəydi, haradan bu sahibkarlıq inkişaf edə bilərdi? Mən nə qədər deyirəm ki, sahibkarlıq inkişaf etməlidir. Burada oturan icra başçılarına nə qədər deyirəm ki, əl dəyməyin bunlara, icazə verin işləsinlər, mane olmayın, kömək göstərin və bir çox hallarda biz bunu görürük. Yerli icra orqanları sahibkarlığın inkişafına dəstək verirlər. Amma sahibkarlar da məsuliyyətli olmalıdırlar. Bu nə deməkdir, niyə qiymətin süni şəkildə qaldırılması ilə məşğul olurlar?! Yumurta indi sadəcə bir məhsul növüdür, bayram ərəfəsində başqa sahələrdə də qiymətlər qalxır. Nə üçün? Bilirsiniz, məsuliyyət və bir də vicdan olmalıdır. Bunlar yerində olmayanda cəza tədbirləri görüləcəkdir. Bu gün özlərini vicdansızcasına aparan sahibkarlar, süni şəkildə qiyməti artıran bir neçə yumurta istehsalçısı görəcək ki, dövlətin onlara qarşı cəza tədbiri nədən ibarət olacaqdır. Qoy o birilərə də dərs olsun. Kim burada qiymətin süni şəkildə artımı ilə məşğul olmaq istəyirsə, özü üçün nəticə çıxarsın və fikirləşsin ki, onu hansı aqibət gözləyir. Qiymət Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri əsasında tənzimlənir, ancaq biz də bilirik dünya qiymətləri nədir, Azərbaycanda qiymətlər necədir?! İndi dünyada neftin qiyməti bahalaşıb, şübhəsiz, idxal olunan məhsullara öz təsirini göstərəcəkdir. Bəlkə dərhal olmayacaq, bu proses bir müddətdən sonra hiss ediləcəkdir. Bunu biz bir neçə il bundan əvvəl də görmüşük, neftin qiyməti qalxandan bir neçə ay sonra burada idxal olunan məhsulların qiyməti qalxdı. Ancaq yerli məhsulların qiyməti niyə qalxmalıdır? Biz özümüzü ətlə, meyvə-tərəvəzlə, başqa məhsullarla demək olar ki, təmin edirik, ixrac da edirik. Nə üçün o qiymət qalxmalıdır? Kim bundan istifadə edir? Bax kim istifadə edir, hələ ki gec deyil, düz yola dönsün, yoxsa cəza tədbirlərimiz çox güclü və təsirli olacaqdır. Hesab edirəm ki, Bakı qəsəbələrində sahibkarlığın inkişafı üçün yeni çörəkbişirmə sexləri yaradılmalıdır. Bütövlükdə, bu sahəyə ölkə miqyasında daha da böyük diqqət göstərilməlidir. Ölkəmizdə indi müasir emal fabrikləri, konserv zavodları, süd kombinatları, ət kəsim fabrikləri, ət kombinatları tikilib, hamısı müasir səviyyədə. Ancaq son illərdə çörək istehsalına o qədər də fikir verilməmişdir, bu proses hələ də köhnə, elə dədə-baba üsulla gedir. Mən İqtisadi İnkişaf Nazirliyinə göstəriş vermişəm ki, çörəkbişirmə sexlərinin yaradılmasını kreditlərlə stimullaşdırsınlar və xüsusilə Bakıda və Bakının qəsəbələrində bu proses daha da sürətlə getməlidir. Görüləcək işlər arasında biz müasir texnologiyalar əsasında fəaliyyət göstərən istixanalar yaratmalıyıq. Bu istixanalarda həm faraş tərəvəz yetişdirilə, həm gülçülük inkişaf etdirilə bilər. Bu, Bakı qəsəbələri üçün demək olar ki, ənənəvi bir sahədir. Bunu biz daha da gücləndirməliyik. Hazırda Bakıda və başqa yerlərdə müasir texnologiyalarla işləyən istixanalar vardır və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu prosesə daha da böyük təkan verilməlidir. Yerli icra orqanları da bu istixanaları yaratmaq istəyən sahibkarlara kömək göstərməlidirlər. Bununla bağlı, bütün müvafiq, qərarlar qəbul ediləcəkdir. Burada qaldırılan məsələlər öz həllini gözləyir. Amma bu, ancaq məsələlərin bir hissəsidir. Biz Bakı qəsəbələrinin inkişafına tam şəkildə nail olmalıyıq. Yenə də deyirəm, biz burada həm infrastruktur, həm sənayeləşmə, iş yerləri, yollar, kommunal sahə - bütün bu məsələlərə kompleks şəkildə yanaşmalıyıq. Bu proqram, bir də demək istəyirəm ki, çox böyük proqramdır. Bu proqram yeni şəhərin infrastrukturunun yaradılmasına bərabər bir proqramdır. Bu proqramın icrası nəticəsində əminəm ki, Bakıda və Bakı qəsəbələrində bütün işlər ən yüksək səviyyədə görüləcəkdir”. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu