Milli Məclisdə Qobustan qəsəbəsi ilə Qobustan rayonu arasındakı fərqə aydınlıq gətirilməsi təklif olunub.
Modern.az-ın xəbərinə görə, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Aydın Hüseynov Torpaq Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunan zaman bu təkliflə çıxış edib.
Deputat bildirib ki, mübahisəli torpaq ərazilərinin müəyyənləşdirilməsi ilə yanaşı, qonşuluqda yerləşən eyniadlı ərazi vahidlərinə də aydınlıq gətirilməlidir.
“Məsələn, Qaradağ rayonu ərazisində Qobustan qəsəbəsi var. Qobustan qəsəbəsi qədim tarixi bir qəsəbədir.
Ancaq bununla yanaşı, elə də uzaq tarixə malik olmayan və Şamaxı rayonunun bölünməsi nəticəsində yaranan Qobustan rayonu var ki, eyni adların qonşuluqda yerləşməsi qəsəbə sakinləri arasında müəyyən narahatlıq yaradır və onlar müvafiq qurumlardan bu məsələyə aydınlıq gətirilməsini istəyirlər.
Xahiş edirəm ki, müvafiq aidiyyatı təşkilatlar bu məsələyə baxsınlar”-deyə Aydın Hüseynov qeyd edib.
Ağa AKİFOĞLU