Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib. Azərbaycan rotasiya qaydası əsasında GUAM təşkilatında sədrliyi həyata keçirir.
XİN-nin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, iclasda GUAM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi yolları müzakirə edilib. Nazirlər idman-gənclər sahəsində İşçi qrupunun yaradılmasına dair razılığa gəliblər.
Tərəflər GUAM-ın beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə əməkdaşlığının genişləndirilməsinin zəruriliyinə toxunublar və bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.
Görüşün sonunda iclasın protokolu təsdiq olunub.
İclasın ardınca “GUAM-Yaponiya” görüşünün növbəti mərhələsi keçirilib.
Modern.az