Hələ birinci çağırışdan Milli Məclisdə “Qarabağ fraksiyası”nın yaradılması gündəmə gəlib. Ancaq bu çağırışlardan 20 ildən artıq zaman keçsə də, məsələ gerçəkləşmədi. İndi isə deputatların əksəriyyəi buna ehtiyac duymurlar. Fikirlərini dövlətimizin xarici siyasətinin əsas prioritetinin Qarabağ olması ilə izah edirlər.
Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında belə bir təklifin səsləndirilməsinin mənasız olduğu qənaətindədir.
“Artıq Milli Məclisdə “Qarabağ fraksiyası”nın yaradılmasının bir mənası yoxdur. Say tərkibi etibarilə kimlərinsə bura daxil edilməsini müəyyən etmək çox çətindir. Əvvəllər Milli Məclisdə Müsavat və digər müxalifət partiyaları təmsil olunanda, bu kimi addımların atılması mümkün idi. Düşünürəm ki, bunu yaratmaq lazım idi. O cəhətdən ki, Milli Məclis müstəvisində Qarabağ adına və Qarabağla bağlı müəyyən mesajların verilməsi çox faydalı olardı. Bunu vacib bir addım kimi düşünmək lazım idi. Təəssüf ki, bu istiqamətdə dəstək verilmədi”.
Deputatın sözlərinə görə, indiki şəraitdə fraksiyanın yaradılması gec deyil.
“Təbii ki, “Qarabağ fraksiyası”nı yaratmaq olar. Amma Milli Məclis arifmetikası buna uyğun deyil. Ona görə də 3-5 nəfərdən ibarət bir qrup yaratmağın da mənası qalmır. Çünki fraksiya yaratmaq üçün 25 nəfər lazımdır. Fikrimcə, o 25 nəfəri indiki şərtlərdə tapmaq real deyil.
Həm də “Qarabağ fraksiyası”nın yaradılmasına dövlət siyasətinin tərkib hissəsi kimi baxılmalı idi. Çox təəssüf ki, bu cür baxılmadı və bəlkə də, əhəmiyyətsiz sayıla biləcək məsələlər Qarabağdan önə çıxmağa başladı. Bunlarla bağlı daha çox gündəm yaradıldı, nəinki, fraksiyanın yaradılması məsələsi ilə bağlı”.
Namidə BİNGÖL