Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyası yaradılıb.
Komissiyanın yaradılmasında məqsəd yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirməkdir.
Yalançı elmlər dedikdə nələr nəzərdə tutulur? Mübarizə necə aparılmalıdır?
Məsələ ilə bağlı Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyasının sədri, akademik Dilqəm Tağıyev Modern.az saytına açıqlama verib.
Dilqəm Tağıyev öncəliklə komissiyanın əsasnaməsinin yaradılmasının vacib olduğunu bildirib.
“Burada əsas məqsədləri, vəzifələri, iş qaydasını müəyyənləşdirməliyik. Ümumiyyətlə, isə belə komissiyalar dünyanın çox ölkələrində var. Bu da onunla əlaqədardır ki, son vaxtlar elmin inkişafı etdikcə güclənir. Rusiyada 1999-cu ildə Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə bu komissiya yaradılıb. Bizdə də yaradılmış bu komissiya bütün sahələri əhatə edəcək”.
Komissiya sədri qeyd edib ki yalançı elmlər dedikdə müəyyən siyasi-iqtisadi və yaxud da şəxsi məqsədlər naminə elmi təhqiqatların saxtalaşdırılması nəzərdə tutulur.
“Elmi qanunlara və prinsiplər sisteminə zidd olan nəticələrə elmi nailiyyət donu geyindirməyə çalışırlar. Komissiyanın da məqsədi orada olan səhvləri göstərməkdir. Çünki elə adamlar olur ki, səmimi olaraq həmin nəticələrə inanırlar. Əsas məqsədlərdən biri də odur ki, bu kimi halların qarşısı alınsın. Belə müraciətlər ayrı-ayrı bölmələrə olub. Ona görə də bu müraciətlərə biryerdə baxılması üçün komissiya yaradıldı.
Akademik deyib ki, bu komissiyanın yaradılması hər hansı bir elmi işin qarşısını almaq deyil.
“Sadəcə olaraq məqsəd, nəticələr ümumi qəbul olunmuş qaydalara uyğun gəlmirsə, tamamilə başqa nəticələrə gətirib çıxarırsa bunun qarşısının alınmasıdır. Məsələn təbabət sahəsində xərçəng xəstəliyinə görə roliklər yayılır ki, 2 günə xərçəng xəstəliyini müalicə etmək mümkündür.
Amma bu, mümkün olan bir şey deyil axı. Yəni bunlar insanların möcüzəyə meylli olmasından istifadə edirlər. Çünki insanlar o ümidverici şeylərə inanmaq istəyir.
Biz çalışacağıq ki, bu kimi halları şərh edək və göstərək. Burada məqsəd hüquqi cəza vermək deyil Sadəcə olaraq elmi mübahisə və diskussiya ilə bunları ortaya çıxarmaqdır. Ona görə də komissiya çalışacaq ki, neqativ hallara və mənfi tendensiyalara qarşı mübarizə aparsın və onları aşkar etsin.
Mirmahmud KAZIMOĞLU