Modern.az

Avropalı mütəxəssislərdən pulsuz onlayn kursları

Avropalı mütəxəssislərdən pulsuz onlayn kursları

9 Dekabr 2016, 16:22

Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq Proqramı" çərçivəsində yaradıcılıq və mədəniyyət sahələrinin nümayəndələri üçün kurslar təşkil edilir. Avropalı ekspertlərin dərs keçəcəyi kurslarda strateji planlaşdırma, advokasiya üzrə və "Yaradıcı Avropa" proqramına uyğun mövzuları seçmək mümkündür.

 

Hər bir kurs bir neçə qısa video filmdən ibarətdir və əməli tövsiyələrlə, nümunələrlə tamamlanıb. Kursları başa vurduqdan sonra sertifikat almaq mümkündür. Azərbaycan, rus və ingilis dilləri daxil olmaqla 8 dildə təşkil edilən kursların proqramına Avropanın yaradıcılıq və mədəniyyət sahələrinə aid ən qabaqcıl təcrübələr daxil edilib.

 

Kursu keçmək və sertifikat ala bilmək üçün ilk növbədə xoşunuza gələn mövzunu www.culturepartnership.eu/publishing/online-learning internet saytından seçməli, dərs materialları ilə tanış olmalı və testin suallarına cavab verməlisiniz. Hal-hazırda 4 kursda iştirak edə bilərsiniz: "Strateji planlaşdırma", "Advokasiya","Kreativ Avropa" və “Təklifin hazırlanması”.

 

"Strateji planlaşdırma" kursunda təşkilatınızın fəaliyyət konsepsiyasını ifadə etməyi, daxili və xarici təhlillərin aparılmasını, təşkilatınızın rəqabət üstünlüklərini müəyyənləşdirməyi, marketinq planlarını müvəffəqiyyətlə həyata keçirməyi öyrənmək olar. Ekspert qismində yaradıcı biznes sahəsi üçün populyar kitabın müəllifi Devid Perriş çıxış edəcək.

 

"Advokasiya" kursuna daxil olan video-dərslərdən sonra advokasiya sahəsi üzrə strategiyanı işləyib hazırlamağı öyrənməklə yanaşı, kampaniyaları effektiv şəkildə həyata keçirməyə imkan verən əsas vasitə və metodlar haqqında əməli məsləhətlər almaq mümkün olacaq. Burada kommunikasiya sahəsi üzrə beynəlxalq ekspert çıxış edəcək.

 

"Yaradıcı Avropa" proqramı üzrə distant təhsil kursu - Avropanın mədəniyyət sahəsində həyata keçirdiyi ən irimiqyaslı qrant proqramı olan "Yaradıcı Avropa" proqramına qrant almaq üçün ərizə verməyi addım-addım öyrədən təlimatların daxil edildiyi 5 video-mühazirədən ibarətdir. Bu kurs "Yaradıcı Avropa" proqramının Litva və Estoniya milli bürolarının rəhbərləri Eqle Deltuvayte və Evelin Karu-Veskioyya tərəfindən aparılır. Kursu dinləyərək "Yaradıcı Avropa" proqramına qrant almaq üçün verilən ərizələrlə bağlı seçim meyarlarını, qeydiyyat prosesini, tərəfdaşları axtarmağın qaydalarını və müvəffəqiyyəti şərtləndirən amilləri öyrənə biləcəksiniz.

 

Mədəniyyət sahəsində fəaliyyət göstərən menecerlər “Layihə təkliflərinin yazılması” kursu vasitəsilə uğurlu layihə təkliflərinin hazırlanması qaydalarını, nəticə etibarilə, həmin layihələrin həyata keçirilməsi üçün vəsait əldə etməyin

yollarını öyrənə bilərlər. Kurs layihə təkliflərinin hazırlanması və büdcənin tərtib edilməsi istiqamətində 12 ildən artıq təcrübəyə malik olan təlimçi Maqda Krasovskaya-İqrasın rəhbərliyi altında həyata keçirilir.

 

İl ərzində kurslara yeni mövzular, o cümlədən layihələr üzrə ərizələrin yazılması, maliyyə məsələləri (o cümlədən maliyyə vəsaitlərinin cəlb edilməsi), kommunikasiya, mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatlar üçün layihə idarəetməsi və s. kimi mövzular əlavə ediləcək.

 

Kursları uğurla başa çatdıran Ukrayna Mədəniyyət Fəalları Konqresinin İdarəetmə Heyətinin Sədri Yelena Pravilo deyir ki, bu kursların hər kəs üçün əlçatan olması çox önəmlidir: “Əslində, hətta ən qızğın iş saatlarında belə fərdi inkişafın təmin olunması üçün yarım saat vaxt ayırmaq mümkündür. Kurslar yalnız fəaliyyətə yenicə başlayanlar üçün deyil, eyni zamanda yeni imkanlar axtarışında olan təcrübəli mədəniyyət menecerləri üçün də faydalı olacaqdır. Öz biliklərinizi Avropalı mütəxəssislərin yanaşmaları ilə müqayisə edərək yoxlayın”.

 

Avropa İttifaqının Şərq Tərəfdaşlığı "Mədəniyyət və Yaradıcılıq Proqramı" yaradıcılıq və mədəniyyət sahələrinin dəstəklənməsi, bu sahələrin Azərbaycan və Şərq Tərəfdaşlığının digər ölkələrinin sosial-iqtisadi inkişafındakı payının artırılması məqsədini güdür. Kurslar haqqında daha ətraflı məlumat almaq üçün www.culturepartnership.eu internet saytına daxil ola və ya [email protected] ünvanına elektron məktubla müraciət edə bilərsiniz.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu