Qətərin milli bayramı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi dekabrın 13-də rəsmi qəbul təşkil edib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov əlamətdar gün münasibətilə Qətər xalqını Azərbaycan xalqı və Prezident İlham Əliyevin adından təbrik edib.
Nazir ölkələrimiz arasında əlaqələrin xoş ənənələrə söykəndiyini bildirib.
“İlk növbədə, əlamətdar gün–Qətər Dövlətinin Müstəqillik günü münasibətilə sizi və bütün Qətər xalqını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından ürəkdən təbrik edirəm.
1971-ci ildə öz müstəqilliyini elan edən Qətər xalqı ötən 45 il ərzində uğurlu inkişaf yolu keçmişdir. Bu inkişafın nəticəsi olaraq bu gün Qətər Dövləti dünya birliyinin bir çox regional və qlobal problemlərin həllində kostruktiv rol oynayan, beynəlxalq münasibətlərdə ədalətli mövqe nümayiş etdirən, güclü iqtisadiyyata malik layiqli bir üzvünə çevrilmişdir.
Azərbaycanla Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xoş ənənələri mövcuddur. Bu ənənələrin əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə - 1994-cü ildə diplomatik əlaqələrin qurulması ilə qoyulmuşdur. Yüksək səviyyəli qarşılıqlı səfərlər bu əlaqələrin daha da genişləndirilməsini təmin edir. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti zati-aliləri möhtərəm İlham Əliyev tərəfindən həyata keçirilən ilk belə yüksək səviyyəli rəsmi səfər ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsinə təkan vermişdir. Cari ilin mart ayında Qətər Dövlətinin Əmiri əlahəzrət Şeyx Təmim bin Həməd Al-Taninin Azərbaycan Respublikasına rəsmi səfəri və səfər zamanı əldə edilmiş razılaşmalar əlaqələrin sürətli inkişafı üçün möhkəm zəmin yaratmışdır.Hər iki dövlətin rəhbərləri səviyyəsində olan səmimi və yüksək etibara söykənən münasibətlər ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın yüksək templərlə genişlənməsi üçün əsas yaradır.
Sevindirici haldır ki, Azərbaycan və Qətər beynəlxalq səviyyədə mühüm əhəmiyyətli məsələlərin həllində daim bir-birinə dəstək verməkdədir. Xüsusilə, qeyd etmək istəyirəm ki, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz uğurlu əməkdaşlıq edir. Bu çərçivədə, məmnunluq hissi ilə bildirirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qətər Dövlətinin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləməsini yüksək qiymətləndiririk.
Hazırda Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlıq uğurla davam edir, əlaqələrin inkişafı üçün geniş imkanlar açılır. Ölkələrimiz arasında iqtisadi, texniki, ticarət, kənd təsərrüfatı, turizm, sərmayələrin təşviqi və qarşılıqlı qorunması istiqamətində bir sıra saziş və anlaşma memorandumları imzalanmış, münasibətlərin inkişafı üçün mühüm addımlar atılmışdır. Bu il dövlət başçılarının müdrik qərarıilə fəaliyyətə başlamış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya da mövcud əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir.
Əlavə edim ki, Azərbaycan və Qətər fövqəladə hallarla mübarizə və mülki müdafiənin təşkili sahəsində də sıx əməkdaşlıq edir. Belə ki,Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Qətərin müvafiq qurumları arasında sıx əlaqələr qurulmuşdur. Qarşılıqlı səfərlər, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişiki ölkənin uyğun qurumları arasında əlaqələrin yüksələn xətlə inkişafına xidmət edir.
Əminəm ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra daha da genişlənərək xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bir daha, bu əlamətdar bayram münasibətilə Qətər Dövlətini və onun xalqını möhtərəm cənab Prezident İlham Əliyevin və Azərbaycan Hökumətinin adından səmimi qəlbdən təbrik edir, Qətər xalqına əmin-amanlıq və yüksək rifah arzulayıram”.
Qətərin Azərbaycandakı səfiri Yousef Hassan Al-Saaini isə bildirib:
İlk öncə Qətər Dövlətinin milli günü münasibətilə təşkil olunmuş bu tədbirdə iştirak etdiyinizə görə sizlərə təşəkkür və ehtiramımı ifadə edirəm.
Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq mövcuddur və biz ümid edirik ki, bu əməkdaşlıq daha da inkişaf edəcəkdir. Şübhəsiz ki, Qətər Dövlətinin əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani (Allah onu qorusun) cənablarının 7 mart 2016-cı il tarixində Azərbaycan Respublikasına etdiyi səfər iki ölkə arasında iqtisadiyyat və investisiya sahələrindəki əlaqələrin güclənməsinə güclü bir təkan vermişdir. Belə ki, həmin səfər zamanı iqtisadiyyat və investisiya sahələrindəki əməkdaşlığa yeni səhifə açmış bir sıra mühüm sazişlər imzalanmışdır. Ələlxüsus da kənd təsərrüfatı, turizm, və tikinti sahələrində investisiyalar üçün münbit şəraitin olması fonunda əsas hədəf iki dost ölkə arasındakı əməkdaşlığın həqiqi strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasıdır.
Eyni zamanda ümid edirik ki, qarşıdan gələn ilin əvvəllərində möhtərəm prezident İlham Əliyev cənablarının Qətər Dövlətinə nəzərdə tutulan səfəri, iki ölkəni birləşdirən qarşılıqlı xoş münasibət və ehtirama əsaslanan möhkəm təməllərdən, habelə ticarət və investisiya səhələrindəki əməkdaşlığın daha da güclənməsi istəyindən qaynaqlanaraq dost ölkələrimiz arasındakı əlaqələrə öz töhfəsini verəcəkdir.
Sonda milli gün münasibəti ilə düzənlənən bu tədbirdə iştirakına görə bir daha möhtərəm Fövqəladə hallar nazirinə, həmçinin tədbirə təşrif buyurmuş bütün iştirakçılara təşəkkür və ehtiramımı ifadə edirəm.
Modern.az