Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankların ƏDV-dən azad ediləcək. Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında vergilər naziri Fazil Məmmədov deyib.
Nazir bildirib ki, bununla əlaqədar Vergi Məcəlləsinə dəyişikliyin edilməsi təklif olunur. F.Məmmədov qeyd edib ki, ödəmə qabiliyyətini itirmiş bankların, restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək, toksik aktivlərin təqdim edilməsinin 2017-ci ilin yanvar ayının 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Fazil Məmmədov deyib ki, Banklardan nağd pulun çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergilər Məcəlləsinə dəyişikliklər layihəsinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları tərəfindən 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulmasına dair müddəa əlavə edilib.
Nazir qeyd edib ki, nağd əməliyyatların məhdudlaşdırılması təcrübəsi Fransa, İtaliya, Çexiya, Slovakiya və digər ölkələrin qanunvericiliyində də nəzərdə tutulub:
“Bu dəyişiklik nağdsız əməliyyatların həcminin artması, bankların maliyyə vəziyyətinin yaxşılaşması, likvidliyin təmin olunması, pul dövriyyəsinin tənzimlənməsi, əmək haqqı və digər ödənişlərin leqallaşdırılmması və nəticədə, ölkənin beynəlxalq reytinqinin artırılmasına şərait yaradacaq”.
Ağa AKİFOĞLU