Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasındaAMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanovun “Biologiya və tibb elmləri üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib.
Modern.az xəbər verir ki, akademik Biologiya və Tibb Elmləri Bölməsinin elmi müəssisələri tərəfindən yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında geniş məlumat verib.
Alim Azərbaycanda biologiya və tibb elmlərinin təşəkkülündə, formalaşmasında və inkişafında tanınmış akademiklər A.Qrossqeym, V.Volobuyev, C.Əliyev, M.Topçubaşov, İ.Mustafayev, Ş.Tağıyev, A.Qarayev, M.Abutalıbov, M.Musayev və başqaları tərəfindən nəzərəçarpacaq işlər görüldüyünü, çoxsaylı tədqiqat müəssisələri və müxtəlif sahələrdə elmi məktəblər yaradıldığını, yeni elm sahələrinin əsasının qoyulduğunu deyib. Ötən müddət ərzində bölmənin tərkibinə daxil olan institutlar və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi müəssisələrin birgə tədqiqat işləri apardığını, AMEA-nın elmi-təşkilati fəaliyyətində innovativ ideyaların tətbiqi, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb.
İclada bildirilib ki, Azərbaycanda biologiya və tibb elmlərinin müxtəlif sahələrində, o cümlədən məhsuldarlıq proseslərinin fizioloji, biofiziki və genetik əsasları; stress amillərə davamlılığın molekulyar mexanizmləri; biomüxtəlifliyin tədqiqi, mühafizəsi və səmərəli istifadəsi; mikroorqanizmlərin ekologiyası, biokimyası; torpaq ekologiyası, təsnifatı, torpaqəmələgəlmənin energetikası; onurğalılarda beyinin analitik-sintetik fəaliyyəti; insanda dayaq‐hərəkət aparatı, yumşaq toxumaların və bəzi daxili orqanların bədxassəli şişlərinin diaqnostikası, profilaktikası və kompleks müalicə üsulları istiqamətlərində tədqiqatlar aparılıb, bir çox mühüm elmi nailiyyətlər əldə edilib.
Akademik-katib ötən tarixi dövr ərzində bitki örtüyünün, heyvanlar aləminin öyrənilməsi, genetika, seleksiya, molekulyar biologiya və biotexnologiyalar, fiziologiya, mikrobiologiya, torpaqşünaslıq, aqrokimya və tibb sahələrinin müxtəlif istiqamətləri üzrə əldə edilmiş elmi nəticələr və bölmənin beynəlxalq elmi əməkdaşlıq əlaqələri haqqında təqdimatla çıxış edib.
Akademik Ə.Əmiraslanov onu da bildirib ki, XX əsrin çağırışlarını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm qarşısında qoyduğu prioritetləri rəhbər tutmaqla, yaxın illərdə Azərbaycanda biologiya və tibb elmləri sahəsində biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının ən müasir texnologiyalarla öyrənilməsi, yeni molekulyar və hüceyrə biotexnologiyalarının fundamental əsaslarının hazırlanması və tətbiqi, bitki ekspressiya sistemlərindən istifadə etməklə əczaçılıq məhsullarının alınma texnologiyasının yaradılması və dərman preparatlarının hazırlanması, bitkilərdə bütöv genom və ekzomun oxunması, molekulyar və genom seleksiyasının imkanlarından istifadə etməklə yeni bitki sortlarının yaradılması, insan genetikası və genomikası, irsi xəstəliklərin prenatal və neonatal təyini, kök hüceyrə texnologiyaları, uzunömürlülüyün və neyrodegenerativ xəstəliklərin fizioloji və molekulyar-genetik tədqiqi, müasir texnologiyalardan istifadə yolu ilə yeni müalicə üsullarının araşdırılması və digər istiqamətlərində tədqiqatlar aparılacaq.
Məruzəçi Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş dövlət proqramları çərçivəsində, o cümlədən Rəyasət Heyətinin qərarları ilə keçirilən respublika və beynəlxalq səviyyəli tədbirlər haqqında da ətraflı məlumat verib.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub. Qeyd olunan perspektiv istiqamətlər Biologiya və Tibb Elmləri Bölməsinin gələcək fəaliyyəti üçün əsas kimi qəbul edilib.
Modern.az