Qaxda yaşayan Bəxtiyar adlı Qarabağ müharibəsi əlili rayon DYP rəisi Ayaz Məmmədovun hərəkətlərinə etiraz əlaməti olaraq öz avtomobilini nümayişkaranə tərzdə yandırıb.
Modern.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə blogerlər tərəfindən sosial şəbəkələrdə yayımlanmış videoçarxda deyilir.
Şikayətçinin sözlərinə görə, o, dörd uşaq atasıdır və avtomobilində sərnişin daşımaqla onlara çörək pulu qazanıb. Bu ilin yayında düşdüyü kiçik yol qəzasılna görə Bəxtiyar 400 manat cərimə olunub.
Lakin sonradan hakim, ailənin acınacaqlı vəziyyətini nəzərə alaraq, cəriməni ictimai işlərlə əvəz edib. DYP rəisi Ayaz Məmmədov hakimin qərarını icra etməkdən imtina edib və taksi sürücüsündən 400 manat cəriməni ödəməsini tələb edib.
Nəhayət, sürücü öz avtomobilini yandırmaq qərarına gəlib. Bəxtiyar söz verib ki. yaxın 10 gündə problemi həll edilməsə, özünü də yandıracaq.
***
Baş Dövlət Yol Polisi İdarəsi bu gün Qaxda Qarabağ əlilinin avtomobilini yandırması hadisəsinə münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Lent.az-a bildirib ki, Qax rayon sakini Bəxtiyar Bayramovun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi olmayıb.
K.Əliyev deyib ki, bir neçə ay əvvəl yol-nəqliyyat hadisəsi törətmiş B.Bayramova Qax rayon Məhkəməsi tərəfindən 400 manat cərimə kəsilib: “Cəriməni vaxtında ödəmədiyinə görə həmin məbləğin üzərinə də dəbbə gəlib və məbləğ 640 manata yüksəlib. Onun konkret hansı səbəbdən avtomobilini yandırdığını deyə bilmərəm. Qarabağ müharibəsi iştirakçılarına, veteranlarına, xüsusilə də əlillərə böyük hörmətimiz var. Amma o, yol kənarında avtomobilə od vurmaqla digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atıb. Həmin vaxt partlayış baş verə bilərdi”.
Modern.az