Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin deputtaı Əliağa Hüseynovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əliağa İzzət oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilsin.
Modern.az-ın məlumatına görə, sabah Əliağa Hüseynovun 70 yaşı tamam olur.
Ə Hüseynov 1998-2009-cu illərdə Azərbaycan Respublikasının hərbi komissarı olub. Azərbaycan Prezidentinin 10 noyabr 2009-cu il tarixli sərəncamı ilə general-leytenant Əliağa İzzət oğlu Hüseynov Azərbaycan Respublikasının hərbi komissarı vəzifəsindən azad edilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə və 164-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
11 noyabr 2009-cu il tarixindən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 7 noyabr 2010-cu ildə Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı seçilib.
Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2010-cu il tarixli sərəncamı ilə Əliağa Hüseynov dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi ilə əlaqədar olaraq Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Ə.Hüseynov 2015-ci ildə ikinci dəfə Milli Məclisin üzvü seçilib.
Modern.az