Gənclər və İdman Nazirliyində taekvondoçu kişilərdən ibarət Azərbaycan yığmasının Bakıda keçirilən komandalararası dünya çempionatındakı çıxışına və Azərbaycan Taekvondo Federasiyasının Ümumdünya Taekvondo Federasiyası tərəfindən "İlin ən yaxşı milli assosiasiyası" seçilməsi ilə bağlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan nazir müavini İsmayıl İsmayılov millinin mundialdakı çempionluğunu yüksək qiymətləndirib.
O, taekvondoçuların qarşıdakı yarışlarda da uğurlu çıxışına inam ifadə edib.
“Artıq biz deyə bilərik ki, idman olimpiya oyunları və qeyri olimpiya növlərində ölkəmizi dünyanın bir çox ölkələrində layiqincə təmsil edən komandalarla nazirlikdə görüşlər keçirilir, təltif olunur. Taekvandoçularımız çox uğurlu çıxış elədilər”.
Federasiyasının vitse-prezidenti Nağı Səfərov da qələbəyə münasibət bildirib: "Yığmamız hələlik Olimpiya növləri üzrə çempionatı qazanan ilk komandadır. Yarışda dünyanın 8 ən güclü komandası iştirak edir. Bu il də kuboku heç kimə vermədik və Azərbaycanda qaldı".
N.Səfərov qadınlardan ibarət Azərbaycan yığmasının komandalararası dünya çempionatında zəif çıxışına da toxunaraq bildirib ki, olimpiadadan 2 ay sonra belə yarışda iştirak təqvim planında olmayıb: "Kişilərdən ibarət komandamız buna hazır oldu. Lakin qadın taekvondoçularımız bunu bacarmadı".
O, 2017-ci ildə bir sıra yeni bazaların açılacağını qeyd edib. Baş katib ilk bazanın cəbhə bölgəsi Ağdamda açmasının planlaşdırıldığını söyləyib.
Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev Radik İsayevin Qran-pridə məğlubiyyətinə aydınlıq gətirib. O, Olimpiya çempionunu dünya çempionatına buraxmaq istəmədiklərini deyib: “Biz Radiki Qran-priyə buraxmaq istəmirdik. Lakin qaydalara əsasən o yarışda iştirak etməliydi. Onun orda döyüşməməsi üçün tibbi arayış lazım idi. Bu onun Qran-priyə qatılmadan dünya çempionatında iştirakı üçün lazım idi. Amma Bakıda qalib gələn idmançı belə reytinqdə ona çatmadı".
Tədbirdə yığmamızın titullu idmançıları Ramin Əzizovla Günay Ağakişiyevanın əsas heyətdə yer almamasının səbəbi də açıqlanıb. Bildirilib ki, onlar hazır olduqda yığmada yer alacaqlar.
Qafar Ağayev