Modern.az

"ASAN Viza" fəaliyyətə başlayır

"ASAN Viza" fəaliyyətə başlayır

16 Dekabr 2016, 11:44

Bu gün “ASAN Viza” portalının təqdimat mərasimi keçirilir.

Modern.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, hazırda test rej­imində işləyən portal gələn il yanvarın 10-dan etibarən ­tam istifadəyə verilə­cək.

O, bildirib ki, portalın yaradılmasında məqsəd Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza verilməsi prosedurunun sadələşdirilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə operativlik və şəffaflığın təmin edilməsidir. Bu portalın üstünlüyü ondan ibarətdir ki, artıq əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn müraciət edərək viza əldə edə biləcəklər.

Ölkədə qalma müddəti 30 günədək müəyyən edilən birdəfəlik elektron viza almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra vizası 3 iş günü müddətində elektron poçt ünvanına göndəriləcək. Viza üçün dövlət rüsumu 20 ABŞ dolları təşkil edir. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin bir nəfər, ailə (ən azı 2, ən çoxu 10 nəfər) və qrup şəklində (ən azı 10, ən çoxu 300 nəfər) edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsindən “ASAN Viza” sisteminin yaradılması təmin edilib.


Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər