“Deputatlar tərəfindən irəli sürülmüş təklif və tövsiyələr hökumət tərəfindən təhlil edilib. Makroiqtisadi sabitliyin qorunub saxlanılması və büdcə dayanıqlılığının təmin edilməsi məsələlərinə baxılıb”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında 2017-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Onun sözlərinə görə, tələb olunan maliyyə xərclərinin artırılması üçün təkliflər nəzərdən keçirilib. Nazir bildirib ki, gələn ilin dövlət büdcə layihəsinə bəzi məsələlərin ümumi konstruksiyasına xələl gətirmədən yenidən baxılıb.
“Qeyd etmək istərdim ki, mədəniyyət xərclərinin artırılması ilə bağlı əlavə 3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda Milli Məclisin saxlanılması xərclərinin 850 min manat artırılması nəzərdə tutulub. Digər tərəfdən gənclər siyasətinə ayrılan vəsait isə cari ilin həcmi – 11.5 milyon manat - səviyyəsində saxlanılıb. Gənclər Fonduna nəzərdə tutulan vəsait ayrılması düzgün bir qərardır”. Samir Şərifovun sözlərinə görə, 2017-ci ilin dövlət büdcə layihəsinin 2-ci, 8-ci, 16-cı maddələrində müvafiq dəyişikliklər ediləcək. “Bunlar dövlət büdcəsinin formalaşmasına aid olan maddələrdir”. Qeyd edək ki, layihə səs qoyularaq qəbul edilib.
Aqşin Kərimov