Modern.az

İngiltərədə "Sarı gəlin" oxunub, Azərbaycan mətbəxi nümayiş etdirilib

İngiltərədə "Sarı gəlin" oxunub, Azərbaycan mətbəxi nümayiş etdirilib

11 Mart 2011, 17:55

Martın 9-da Böyük Britaniyanın Şərqi İngiltərə Universitetində Beynəlxalq Festival təşkil olunub. Festivalda müxtəlif ölkələrin nümayəndələri həmçinin azərbaycanlı tələbələr də çıxış edob və “Azərbaycan cəmiyyəti” olaraq vətənimizi uğurla təmsil ediblər. Festival iki hissədən ibarət olub. Birinci hissədə həmyerlilərimiz Azərbaycan mətbəxindən bəzi yemək növlərini nümayiş etdirib və Universitetdə təhsil alan əcnəbi tələbələr bu yeməklərdən dadmaq imkanına sahib olublar. İkinci hissədə isə tarixi mahnımız olan “Sarı Gəlin” mahnısını ifa ediblər. Qeyd etmək lazımdır ki, əcnəbi tələbələr Azərbaycan mətbəxini çox bəyəniblər və heç də təsadüfi deyil ki, daha çox maraq Azərbaycan mətbəxinə göstərilib. “Azərbaycan cəmiyyəti”ndən Modern.az-a verilən məlumata görə, ikinci hissədə çıxışdan öncə, Azərbaycan cəmiyyətinin sədri Elçin Ağai Azərbaycan haqda geniş məlumat verib. Daha sonra, tamaşaçılara Azərbaycan mədəniyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. İfaçılar səhnəyə çıxmazdan öncə, Orxan Hacızadə “Sarı Gəlin” musiqisinin yaranma tarixi haqda izləyiciləri məlumatlandırıb. İfa tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb. Mahnını Orxan Yusubov, Elçin Ağai, Əsəd Hüseynov, Orxan Seyidov, Seymur Məmmədzadə ifa edib.

Qeyd edək ki, “Şərqi İngiltərə Universiteti - Azərbaycan Cəmiyyəti” 2010-cu ilin mart ayında universitetdə təhsil alan azərbaycanlı tələbələrdən Elçin Ağai və Əsəd Hüseynovun təşəbbüsü ilə fəaliyyətə başlayıb.

 

 

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal