Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016-cı ilin son turunun oyunları keçiriləcək.
Modern.az xəbər verir ki, tura Qəbələdə start veriləcək.
"Qəbələ" Gəncənin "Kəpəz" klubunu qəbul edəcək. Oyun Gəncədə keçirilməli olsa da, sonradan məkan dəyişdirilib.
"Kəpəz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "İnter"lə cavab görüşünün də evdə keçirilməsini nəzərə alaraq, ot örtüyünün yararsız hala düşməməsi üçün matçın Qəbələdə keçirilməsini istəyib. Peşəkar Futbol Liqası da öz növbəsində "Qəbələ"dən razılıq məktubu aldıqdan sonra matçın keçirilmə yerini dəyişib. Qonaqlar görüşdən qələbə ilə ayrılacağı təqdirdə cari ilə 4-cü pillədə yekun vuracaq. "Qırmızı-qaralar" isə qış fasiləsinə birinci pillədə də yollana bilər. Bunun üçün "Qəbələ" qələbə qazanmalı, "Qarabağ" isə məğlub olmalıdır.
Premyer Liqada 2016-cı ilin son oyunu "Azərsun Arena"da olacaq. "Qarabağ" Bakının "İnter" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Meydan sahibləri məğlub olmayacağı təqdirdə liderlik mövqeyində qalacaqsa, 3 xal "İnter"i 2-ci pilləyə yaxınlaşdıracaq. Komandalar demək olar ki, bir-birlərini kifayət qədər tanıyır. Bu günə qədər ölkə çempionatlarında keçirilən 48 oyunun 21-də "Qarabağ", 11-də isə "İnter" qələbə qazanıb. 16 oyunda isə heç bir komanda 3 xal qazana bilməyib. Son 4 matçda meydan sahibi komanda uduzmayıb. "Qarabağ" 6 oyundur qol vurur. Son 15 səfərdə qalib gəlməyən "İnter" 4 qarşılaşmadır rəqib meydanında qol da vurmur.
Azərbaycan Premyer Liqası, XIV tur
17 dekabr
14:00. "Qəbələ" - "Kəpəz"
Qəbələ şəhər stadionu
16:00. "Sumqayıt" - "Zirə"
"Kapital Bank Arena"
16:00. "Neftçi" - AZAL
"Dalğa Arena"
17:00. "Qarabağ" - "İnter"
"Azersun Arena
Mirmahmud KAZIMOĞLU