Gənclər Fondunun (AzGF) və "İRӘLİ" İctimai Birliyinin dəstəyi ilə AzGFnin 8-ci qrant müsabiqəsinin qalibi Orxan Rüstəmovun layihə rəhbəri olduğu "Erkən nigaha YOX, Təhsilə HƏ!" layihəsi başa çatıb.
Orxan Rüstəmovun verdiyi məlumata görə, Azərbaycanın regionlarında, xüsusilə cənub rayonlarında erkən nigah problemi aktualdır. “Əgər bunun ən əsas məqamlarını qeyd etsək, bura savadsızlıq, məlumatsızlıq və bəsit düşüncə tərzini göstərə bilərik. Bu problemlərə səbəb olan erkən nigahların dəhşətli nəticələri olur. Bunlara qanunsuz ailələr, boşanmalar, fiziki və mənəvi cəhətdən zəif olan uşaqlar, formalaşmaqda olan nəsil, ailə zorakılığı və ən əsası ana və uşaq ölümlərini qeyd etməliyik”.
O, bildirib ki, layihənin əsas məqsədi cənub rayonlarında erkən nigahların sayının azaldılması, Azərbaycan Respublikasının nigah haqqında qanunu və erkən nigaha daxil olan zaman hansı fəsadların baş verəcəyi haqqında məlumatlarla maarifləndirmək idi.
Layihə çərçivəsində Masallı, Salyan rayonlarında və Lənkəran şəhərində yaşayan 105 (15-20 yaş) gənclə görüşlər keçirilib. Layihədə iştirak edən gənclər əsasən adı çəkilən rayonların mövcud problem üzrə ən ciddi vəziyyət olan kəndlərindən seçiliblər. Gənclər əsasən rayon nigah qeydiyyat idarələrinin və təhsil şöbələrinin köməyi ilə seçilib, daha çox isə ailəsində, əhatəsində bu tip problem yaşayanlara üstünlük verilib..
Modern.az