Modern.az

Moskva ilə Təl-Əvivin Bakı üçün “silah savaşı”... TƏHLİL

Moskva ilə Təl-Əvivin Bakı üçün “silah savaşı”... TƏHLİL

Dünya

17 Dekabr 2016, 15:21

Tarixdə ilk dəfə İsrail baş naziri Azərbaycana səfər etdi. Benyamin Netanyahunun dekabrın 13-də baş tutan səfəri ümumiyyətlə, Cənubi Qafqaza İsrail baş nazirinin ilk səfəri kimi tarixə düşdü.

 

İki ölkə arasında münasibətlər həm siyasi, həm də hərbi sahədə durmadan inkişaf edir. Benyamin Netanyahu ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü zamanı rəsmən Azərbaycana 4,8 milyard dollar məbləğində hərbi silah-sursatın satıldığı da bildirildi.

 

Bu məbləğ kifayət qədər yüksəkdir və Azərbaycan ordusunun arsenalında ən müasir İsrail silahlarının olmasından xəbər verir.

Təsadüfi deyil ki, Ermənistan Netanyahunun Azərbaycana səfərini böyük qısqanclıqla izlədi. Hətta politoloq, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan ölkə hakimiyyətini passivlikdə ittiham edərək Bakı ilə Təl-Əviv arasındakı yaxınlaşmaya göz yummaqda ittiham etmişdi.

“Türkiyə ilə İsrail arasında “Mavi mərmərə” insidentindən sonra yaranmış gərginlikdən istifadə etməli idik. Təl-Əvivlə yaxınlaşmaq əvəzinə biz Azərbaycan, Türkiyə və İsrailin biri-birinə yaxınlaşmasına imkan verdik. Diplomatiyamız çox böyük zəiflik nümayiş etdirdi”.

 

Aprel döyüşlərində xüsusən İsraildən alınan pilotsuz uçuş aparatları, tank əleyhinə raket sistemləri, digər adları açıqlanmayan müasir nüdafiə və hücum silahları işğalçı orduya ciddi zərər vurduğu üçün rəsmi Yerevan Azərbaycanın gələcəkdə də yəhudi dövlətindən silah almasını heç bir halda arzulamır.

İki ölkə arasında əməkdaşlığa qısqanclıqla yanaşan daha bir ölkə isə Rusiyadır. Təsadüfi deyil ki, Netanyahunun səfəri başa çatdıqdan 2 gün sonra Rusiya baş nazirinin müavini və Rusiya hərbi sənayesinə  cavabdeh olan əsas şəxs – Dmitri Roqozin Bakıya gəldi.

 

Son 5 ayda ikinci dəfədir ki, Bakıya gələn Roqozin Azərbaycan prezidenti başda olmaqla, bir çox rəsmi şəxslərlə danışıqlar apardı. Rusiya mediası danışıqlarda əsas müzakirlərin Bakıya yeni silahların, o cümlədən zenit-raket komplekslərinin satılmasından ibarət olacağını yazır.

Bakıda aparılan danışıqlardan sonra çıxış edən Dmitri Roqozin isə müzakirələrin çətin olduğunu açıqlamışdı.

“Danışıqlara çox vaxt sərf etdik və ciddi diskussiya doğuran bir sıra məsələləri həll etdik”.

 

Qeyri-müəyyənliyi ilə seçilsə də, Roqozinin bu açıqlamasından belə bir qənaətə gəlmək olar ki, Bakı ilə Moskvada arasında doğurdan da, narazılıq yaradan anlar olub. Xüsusən “İsgəndər” raketlərini Ermənistana satmaqla, Moskva Azərbaycanla münasibətlərinə xələl gələcəyindən narahat olub.

Unutmaq lazım deyil ki, Azərbaycanın da Rusiya istehsalı olan silahlara böyük ehtiyacı var. Moskva etibarlı silah alıcısı kimi tanınan Azərbaycan hər cür silah satmağa hazırdır. Lakin rəsmi Bakı silah ticarətində diferensiallaşmaya və dünyada texnoloji keyfiyyətlərinə görə analoqu olmayan İsrail silahlarına da üstünlük verir.

 

Ola bilsin ki, bu Moskvanın müəyyən qısqanclığına səbəb olur və Kreml Azərbaycana silah satmaq üçün İsraillə özünəməxsus bir yarışa girməyə hazırlaşır. Benyamin Netanyahunun səfərindən sonra Dmitri Roqozinin tələsik Bakıya gəlməsi bu ehtimalları müəyyən mənada doğruldur.

 

Vüqar İSMAYILOV 

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU