İordaniyada silahlıların girov götürdükləri şəxslər təhlükəsizlik qüvvələri tərəfindən azad ediliblər. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, onlar arasında əcnəbi turistlər də var. Baş verən atışma zamanı ölənlərin sayı isə 9 nəfərə çatıb.
Məlumata görə, ölənlərdən 5-i təhlükəsizlik qüvvələrinin əməkdaşı, 3-ü mülki vətəndaş, 1-i isə Kanadadan olan turistdir. Hadisə zamanı polis və mülki vətəndaşlar da daxil olmaqla, 22 nəfər xəsarət alıb.
20:27
İordaniyada naməlum qrup polis şöbəsinə və turistlərin olduğu avtobusa hücum edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə İordaniyanın qərbində yerləşən Əl-Karak şəhərində qeydə alınıb. Hücum nəticəsində biri kanadalı turist qadın olmaqla, 5 nəfər öldürülüb. Atışma zamanı daha 9 nəfər yaralanıb.
"Əl Ərəbiyyə" telekanalının İordaniya hökumətinin mətbuat katibinə istinadən yaydığı məlumata görə, silahlılar bir neçə nəfəri də girov götürüb. Silahlılar girovları Əl-Qarah şəhərindəki orta əsrdən qalmış qəsrdə saxlayırlar. Qəsrdə isə 5 silahlı gizlənib.
Qeyd edək ki, hadisə yerinə antiterror qüvvələri cəlb edilib və təhlükəsizlik qüvvələri girovları xilasetmə əməliyyatı həyata keçirir.
Modern.az