“Rusiya Federasiyasının Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsi məlum Rusiya təyyarəsinin vurulmasının və 15 iyul tarixindəki dövlət çevrilişinə cəhdin növbəti qanlı davamıdır.
Sui-qəsdin konkret məqsədləri var: rus-türk münasibətlərini pozmaq, Suriyada atəşəkəsin əldə olunmasına dair Moskva danışıqlarını əngəlləmək, Türkiyənin nüfuzuna zərbə vurmaq”.
Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.
O bildirib ki, bu qanlı terror hadisəsinin arxasında hansı dairələrin dayandığını da təxmin etmək olar.
“Bəzən doğru olmasa da, bu yerdə tarixdən misalların gətirilməsi yürüdülən iyrənc siyasətin davam etdiyini göstərir. Belə ki, ötən əsrin 20-ci illərinin əvvəllərində Antanta ölkələri Rusiyada mövcud rejimi məhv etmək və türk torpaqlarına yiyələnməyi hədəfləmişdilər. Hərbi əməliyyatlar aparılarkən qarşılıqlı maraqların qorunması üçün rus-türk yaxınlaşması baş verdi. Rusiya başa düşdü ki, əgər Antanta ölkələri Anadoluda, Yaxın və Orta Şərqdə türk xalqı üzərində qələbə çalsalar, onda Cənubi Qafqaza girəcəklər və Şimali Qafqazı ayıracaqlar. Belə şəraitdə rus və türk xalqlarının bərabər hərəkət etməkdən başqa çarələri qalmamışdı. Lakin bu yaxınlaşmaya mane olmağa çalışan bəlli dairələr də fəaliyyətlərini dayandırmamışdılar. Arxiv sənədlərində aydın şəkildə yazılır ki, rus-türk yaxınlaşmasına mane olan qüvvələr deyiridlər: “Rus-türk sərhədində bir rus əsgərini öldürüb türk hərbi hissəsinin yaxınlığına atın. Onların münasibətləri pozulacaqdır”.
İndiki terror aktını törədənlər eyni zamanda, Rusiya və Türkiyə prezidentlərinə də bir işarə verirlər. Bundan sonra digər diplomatlara, dövlət adamlarına qarşı terror hadisələrinin, zəhərlənmələrin də şahidi olmaq mümkündür”.
Musa Qasımlının sözlərinə görə, bu gün Yaxın, Orta Şərqdə aparılan qanlı müharibə, günahsız insanların öldürülməsi təkcə neft və qaz uğrunda savaş deyil. Onun daha geniş məqsədləri var.
“Terror təşkilatlarını yaradıb, arxasında gizlənərək onlara silah verən dövlətlər İraq və Suriyanın ərazi bütövlüyünü pozmaq, coğrafiyanı yenidən cızmaq, regionda yeni dövlətçiklər qurmaq, bundan sonra özlərinin iyrənc siyasətlərini (neft, qaz, geosiyasi, geoiqtisadi və s.) reallaşdırmaq istəyirlər. Bu, Türkiyə, Rusiya, İran, Suriya, İraq və bir çox digər dövlətlərin də maraqlarına qətiyyən uyğun deyil.
Bəlli dairələr nə edirlərsə-etsinlər, rus-türk dostluğunu pozmağa gücləri çatmaz. Bu münasibətlərin kökləri çox dərindir.
Rus-türk münasibətlərinin normallaşdırılmasında xüsusi rol oynamış Rusiya səfirinin qətlə yetirilməsi terrora qarşı daha amansız mübarizə aparmağa əlavə imkanlar verəcək, rus-türk dostluğunu daha da möhkəmləndirəcək.
Həm də qeyd edək ki, səfirlərin terrorçular tərəfindən öldürlüməsi hadisəsi yeni bir şey deyil. Hələ ötən əsrin 70-ci illərində Türkiyə səfirləri erməni terrorçuları tərəfindən qətlə yetirilmişdilər. Digər ölkələrin səfirlərinə qarşı da məlum hadisələr törədilib”.
Modern.az