“Dərman vasitələrinin qiyməti idxal edilən ölkələrin iqtisadi durumundan asılıdır”.
Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov manatın məzənnəsindəki dəyişikliyin dərmanların qiymətinə təsirindən danışarkən bildirib.
P.Əzizbəyov bildirib ki, dərmanların qiyməti Səhiyyə Nazirliyi deyil, Tarif Şurası tərəfindən tənzimlənir:
“Dərman vasitələrinin qiyməti yeni məzənnəyə uyğun olaraq müəyyən edilib. Noyabrın 28-də Tarif Şurası tərəfindən bununla bağlı qərar qəbul edilib”.
O, eyni zamanda dərman vasitələrinin qiymətinin keyfiyyətinə təsir etməsi ilə bağlı fikirlərin doğru olmadığını vurğulayıb:
“Dərman vasitəsi ucuz və bahalı ola bilər. Lakin dərmanların qiyməti keyfiyyətlə bağlı deyil. Qeydiyyatdan keçmiş dərman vasitəsinin keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən təminat verilir. Satış zamanı saxlanma şərtləri də gözlənilirsə, dərman vasitəsinin keyfiyyətində problem aşkarlanmaz.
Nəzərinizə çatdırım ki, ölkəyə idxal edilən dərman vasitələrinin 50%-dən çoxu Avropa ölkələri, digərləri Rusiya, digər MDB ölkələri Türkiyədən idxal edilir. Hindistan, Çin və Cənubi Koreyadan ölkəmizdə qeydiyyata alınan dərman vasitələrinin payı çox azdır.
Gülşən RAUFQIZI