“İstintaq Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilinin Fəthullah Gülənin təşkilatı ilə əlaqəli olduğunu müəyyən edib. O adam FETÖ-nun üzvü olub, bunu gizlətməyə lüzum yoxdur. Açıq şəkildə etiraf etməliyik ki, polis strukturlarımız və ordu sıralarımızda bu çirkin təşkilatın üzvləri hələ də qalmaqdadır”. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada mətbuat konfransında bildirib.
Ərdoğan terror təşkilatına qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyini və dövlət qurumlarının FETÖ-dən təmizlənəcəyini vurğulayıb.
Onun sözlərinə görə, səfir A.Karlovun qətli ilə əlaqədar istintaqa rusiyalı müstəntiqlər də qoşulub. “Güman edirəm ki, yaxın müddət ərzində istintaqın gedişi ilə bağlı nəticələr əldə olunaraq ictimaiyyətə təqdim ediləcək”.
Qeyd edək ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.
Modern.az