Son 2 gündə paytaxtda sərnişin avtobuslarının iştirakı ilə 3 qəza baş verib. Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsindən Mais Ağayev Modern.az-a deyib ki, paytaxtda baş verən avtobus qəzaları ilə bağlı araşdırmalar başlayıb.
“Bu məsələ bizi hər zaman narahat edir. Qəzaların əsas səbəbi bir tərəfdən avtobusların böyük əksəriyyətinin texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, digər tərəfdən sükan arxasında peşəkar sürücülərin olmamasıdır.
Bakı Nəqliyyat Agentliyi bu kimi xoşagəlməz halların minimuma endirilməsi üçün kompleks tədbirlər nəzərdə tutub və 2017-ci ildən etibarən bu istiqamətdə konkret addımlar atılacaq.
İlkin olaraq vahid sürücü bazasının yaradılması nəzərdə tutulub. Bu baza yaradıldıqdan sonra daşıyıcılar sürücünü işə götürməkdən məhrum ediləcəklər. Sürücü daşıyıcı şirkətə mrəkəzdən təklif ediləcək.
Bazaya daxil olmaq üçün sürücülər Bakıda ən müasir avadanlıqlarla təchiz edilmiş Sürücü Təlim Mərkəzində təlim keçib sertifikat alacaqlar. Bazada sürücülərin əmək tarixçəsi, peşəkarlıq səviyyəsi və s. ilə bağlı ətraflı məlumat olacaq. Bununla da bir daşıyıcı şirkətdə qayda pozan sürücü digər daşıyıcı şirkətdə işə götürlməyəcək”.
Konkret paytaxt ərazisində avtobusların iştirakı ilə baş verən qəzalara gəlincə, M.Ağayev deyib ki, nəticədən asılı olaraq onlar barəsində tədbir görüləcək:
“Daşıyıcılar tərəfindən bizə məlumat daxil olan kimi hər 3 daşıyıcı şirkətin rəsmiləri Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Hadisələrin təfərrüatı ilə bağlı izahat alınıb.
Baş verən hadisələrlə bağlı araşdırma tam başa çatdıqdan, sərəncam təsdiq edildikdən sonra hər 3 daşıyıcı və sürücü barədə tədbir görüləcək.
Xatırladaq ki, dekabrın 21-də saat 07 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Müşfiq Şıxəliyev idarə etdiyi "Daevoo" markalı 20 saylı xətt avtobusu ilə yolun kənarında dayanmış paytaxt sakinləri Mahmud Cəfərovu, Mələk Zülfüqarovanı və Habil Ağayevi vurub. Hadisə nəticəsində M.Cəfərov yerindəcə ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, 20 nömrəli avtobusun iştirakı ilə baş verən qəza zamanı sözügedən marşrutun sürücüsü ilə 94 saylı marşrutun sürücüsü bir-birini ötməyə çalışıb. Nəticədə insan ölümü ilə nəticələnən qəza qeydə alınıb.
Piyada ölümü ilə nəticələnən ikinci hadisə dekabrın 22-də Suraxanı rayonu, Hövsan qəsbəsində qeydə alınıb. Belə ki, 132 saylı marşut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən “Daewoo” markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən piyadanı vurub. Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Fərəcov Eldar Abış oğlu aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Digər avtobus qəzası isə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi Məhəmməd Hadi küçəsində qeydə alınıb. Təxminən 40-45 yaşlarında olan kişi piyada zolağı ilə yolun digər tərəfinə keçmək istəyib. Bu zaman yol hərəkəti qaydasını pozaraq əks istiqamətdə yola çıxan 12 saylı sərnişin avtobusu piyadanı vurub.
Gülşən RAUFQIZI