Bir neçə il əvvəl Azərbaycan Demokrat partiyası (ADP) Azərbaycan siyasi arenasında özünə məxsus yer tuturdu. Ancaq indi partiyanın fəaliyyəti zəifləyib, demək olar ki, heç gözə çarpmır.
ADP sədri Sərdar Cəlaloğlu rəhbəri olduğu təşkilatın fəaliyyətinin zəifləməsi ilə bağlı Modern.az-a danışıb.
O bildirib ki, Azərbaycanda heç bir partiya, o cümlədən də iqtidar partiyası da fəal deyil.
“Bunun da səbəbi odur ki, Azərbaycanda sosial problemlər təkcə iqtisadi və sosial sahədə deyil, həm də siyasi sferadadır. Azərbaycanda siyasi vəziyyət tam böhran vəziyyətindədir.
Yeni Azərbaycan Partiyası da mükəmməl fəaliyyət göstərə bilmir. Biz də yeni YAP-a alternativ siyasi partiya olduğumuz üçün faktiki olaraq bizim fəaliyyətimiz görsənmir. Hakimiyyət müxalif qüvvələrin fəaliyyətini o qədər məhdudlaşdırıb, bütünlükdə ölkədə elə bir vəziyyət yaradıb ki, bu vəziyyətdə ümumiyyətlə hər hansı bir fəaliyyət göstərmək olmur”.
S. Cəlaloğlu bildirib ki, siyasət yalnız mitinq eləməkdən ibarət deyil.
“Mitinqə sadəcə zəruri hallarda demokratiyanın bir vasitəsi olaraq əl atılmalıdır. Qalan vaxtlar xalq təmsilçiləri vasitəsi ilə demokratiyada iştirak etməlidirlər. Bundan əlavə də gərək bizim qarşımızda güclü bir iqtidar partiyası olsun ki, biz onunla mübarizə aparaq.
Həmçinin əhalidə böyük bir passivlik var. Bir müddət əvvəl Milli Şura keçirəcəyi mitinq üçün icazə almışdı. Amma sonra mitinq təxirə salındı. Bunun səbəbi də xalqın mitinqə gəlməməsi oldu.
Yəni bütün partiyalar üçün eyni problem var. Vəziyyətin bu qədər ağır olmasına baxmayaq heç kim vəziyyətdən çıxmaq üçün addım atmır. ADP Azərbaycan müxalifətinin bir hissəsidir. Başqalarından fərqli olaraq nə Amerika kəşf edirik, nə də qeyri adi dərəcədə gücümüz və potensialımız var. Ona görə də bütün Azərbaycan müxalifəti, siyasi mühiti hansı vəziyyətdədirsə, o vəziyyətə uyğun fəaliyyət göstəririk”.
ADP sədrinin sözlərinə görə, fəaliyyəti artırmaq üçün birinci növbədə hakimiyyət müxalifətin önündə olan bütün əngəlləri qaldırmalıdır.
“Azərbaycan KİV-ləri azad olmalıdır. Bundan sonra biz təşkilatçılıq edib xalqı normal proseslərə qoşa bilərik. Hökumət bizimlə debatlara gəlmir. Özündən başqa müxalif partiyaların debatına imkan vermir. Müxalifət çox vasitələrdən müxalifət məhrum olub. Partiyalar iqtisadi blokadaya alınıb.
Heç kim partiyalara ianə vermir. Nə partiyalar öz iqtisadi gücünü formalaşdıra bilir, nə də dövlət tərəfindən dəstək olur. Yəni siyasi işə tələb olunan vasitələrin heç biri müxalifətin əlində yoxdur. Faktiki olaraq Azərbaycan müxalifəti formal olaraq fəaliyyət göstərir. Əsl fəaliyyət üçün Azərbaycan iqtidarı bütün imkanları məhdudlaşdırıb. Belə bir vəziyyətdə də ciddi bir fəaliyyət göstərə bilmirik”.
Qafar Ağayev