Modern.az

Qızıldan qiymətli qızılquş... - MARAQLI

Qızıldan qiymətli qızılquş... - MARAQLI

28 Yanvar 2012, 16:57

Bir müddət öncə Ağgöl Milli Parkının ərazisində yaxalanan bir neçə brokonyerdən şahin quşunun ovlanması üçün istifadə olunan cələ, şahin quşu üçün papaq müsadirə olunub. Saxlanılan şəxslər adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən şahin quşunu ovlamaq məqsədi ilə gəldiklərini etiraf ediblər. Maraqlıdır şahin quşunu ovlamaq istəyənlər ondan hansı məqsədlər üçün istifadə edəcəklərmiş?

Şahin quşuna rəğbət

Adı Azərbaycanın «Qırmızı kitabı»na düşən 36 nadir quşdan biri də şahin quşu-qızılquşdur. Qızılquşu çox vaxt şahin və ya tərlan da adlandırırlar. Azərbaycan ərazisində bu quşların sayı çox olmasa da, bəzi əlçatmaz yerlərdə onlara təsadüf edilir.

Təbiətin nadir incilərindən olan qızılquşlar məğrurluq, cəsarətlilik, əzəmətlilik simvoludur. Bu səbəbdən də Azərbaycan folklorunda onlara aid çoxlu atalar sözləri, nağıllar, mahnılar, bənzətmələr, müxtəlif ibrətamiz kəlamların olması təsadüfi deyil. Oğlan uşaqlarına Şahin və Tərlan, qızlara isə Tərlan adının verilməsinin digər anlamı qızılquşa olan rəğbətdən irəli gəlir. Belə faktlar digər xalqların folklorında da çox geniş yayılıb.

Qırmızı rəngə hərislik Şahinlər də digər yırtıcı quşlar kimi əsasən ətlə qidalanırlar. Onların qidasını özlərindən zəif quşlar, siçanlar, yarasalar, cücülər təşkil edir. Qızılquş iti caynaqlara, möhkəm bədənə və gücə, sivri dimdiyə malikdir. Bu quşlar qırmızı rəngə çox hərisdirlər. Onlar qırmızı paltar geyinmiş insanlara da hücum etməkdən çəkinmirlər. Qızılquşlar sürətli canlı hesab olunurlar. Onlar saatda 200 kilometr məsafə qət edə bilirlər. Qızılquşlar öz ovlarını çox hündürdən təqib edir, qəflətən hücuma keçirlər. Onların iti görmə qabiliyyəti var.

Onlar həm də ov quşu hesab olunur. Mahir ovçular onu balaca vaxtından saxlayıb böyüdərək əhəliləşdirir, ova çıxanda qızılquşdan istifadə edirlər. Adətən qızılquş ilə qırqovul, kəklik, turac ovuna çıxırlar. Ovçu bicliyi

Bəzi ovçular qızılquşu özlərinə öyrətmək üçün onu bala vaxtından yuvasından oğurlayır. Elə ovçular da var ki, qızılquş balasını çubuqdan düzəldilmiş və quş kimi səs çıxaran sümsü ilə tuturlar. Sümsünün çıxardığı səslə qızılquş öz balalarını gətirdiyi ovu yemək üçün çağırır.

Ovçular oğurladıqları qızılquş balasını lazım olan tərbiyəni verərək tədricən ova hazırlayırlar. Qızılquşun əhəliləşdirilməsi üçün müxtəlif üsullardan istifadə olunur. Məsələn, belə üsullardan birinə diqqət yetirək: ovçu tərlanı bir muddət qəfəsdə ac saxlayır, yem vaxtı isə birdəfəlik uçub gedə bilməyəcəyi yerə buraxıb əlindəki ətlə onu özünə öyrəşdirir. Bu zaman ac tərlan təbii ki, ovçunun əlindəki ətə doğru uçmağa məcbur olur. Beləcə böyüməkdə olan qızılquş balası onu ətlə yedirdən insana öyrəşir.

Ana quş balalarına ovçuluğu necə öyrədir?

Qızılquş yuvasını çox vaxt su kənarında, sıldırımlı yerlərdə, uca ağacların başında-yerdən 20-30 metr hündurlukdə düzəldir. Ana qızılquş yumurtadan təzə çıxan balalarını yedirtmək üçün ovladığı quşların qanını içib yuvasına qaydaraq orada həmin qanı qusur. Beləcə balalar ananın qusduğu qanı yeməklə qidalanırlar. Ana balalar bir qədər böyüdüktən sonra ovladığı quşu su kənarına aparar, tüklərini yolur, cəmdəyini suda təmiz yuduqdan sonra parçalayıb, balalarının qabağına atır. Balaları qanadlanıb uçmağa başladığı vaxt isə ana tutduğu ovu gətirib yuvasının ağzına birdən-birə buraxar, quş ölüm pəncəsindən qurtardığını görüncə, pırıldayıb uçmaq istərkən qızılquş balaları hücum edib dərhal onu tutub yeyirlər. Ana quş balalarına bu cür ovçuluq öyrədir. Əsir qızılquşun ürəyi partlayar Yetkin vaxtlarda şahin quşunun balaları anaları üçün də qorxuludur. Yəni yenicə ova öyrəşmiş balalar onlara yaxın gələn anaya hücum edib onu da parçalaya bilərlər. Buna görə də ana ovladığı quşla yuvasına yaxın bir ağaca qonur və özünəməxsus bir səslə balalarını çağırır. Onların uçub gəldiyini görüncə, ovu buraxıb qaçır. Qızılquş balalarını ovçular məhz həmin vaxtlar tuturlar. Onların yuvalarına yaxın bir yerdə tor qurub içinə toyuq, kəklik buraxan ovçular gizləndikləri yerdə bir əllə torun ipini tutur, o biri əllə də sümsünü çalırlar. Qızılquş balaları analarının ov gətirdiyinə aldanıb, özlərini tordakı quşun üstünə atanda ovçular ipi tez çəkib toru bağlayır. Tora düşən qızılquş balaları çox acıqlı olurlar. Ovçuların sözlərinə görə, bəzən onlar özlərini insan əlində əsir görəndə ürəkləri partlayır. Ümumiyyətlə onların insana alışması çox çətin prosesdir. Ona görə də ovçular qızılquş balalarını tutunca, iynə ilə göz qapaqlarını bir-birinə tikirlər. Iki-üç gün ac saxlyıb, yavaş-yavaş ət verir, özlərinə alışdırdıqdan sonra göz qapaqlarını açırlar. Quşcuğazların acığı bu cür sönər, sahiblərinə alışarlar. Qızılquş ova hazır olandan sonra ovçular onları tula ilə birgə ova çıxarırlar. Tulalar kolların, qamışların arasına soxulub ördək, qaz, kəklik, qırqovul, turacı qaldırınca, qızılquş hücum eyləyib onları ovlayır.

Nizami Rəmzi bir maşının pulunu şahin quşuna veribmiş

Qızılquşlar çox qiymətli canlı sayılırlar. Əksər ölkələrdə onların ovu qadağan edilib. Bu səbəbdən bir sıra ölkələrdə onların qanunsuz ovlayıb baha qiymətə satırlar. Qızılquşları həm də zooparklarda, restoranlarda, əyləncə obyektlərdində müştəri cəlb etmək üçün saxlayırlar. Bəzi məlumatlara görə, hazırda bir qızılquşun qiyməti onların növlərindən asılı olaraq 5-10 min ABŞ dollarına bərabərdir.

Qızılquşun necə qiymətli quş olduğunu xatırlatmaq üçün bir hadisəni qeyd etmək yerinə düşər. Vaxtilə Bakıda tanınmış meyxana ustası olmuş mərhum Nizami Rəmzi bir gün Qax rayonunun ucqar kəndlərinin birində tayı-bərabəri olmayan qızılquşun saxlanıldığını eşidir. Quş həvəskarı olan meyxanaçı həmin kəndə gedib onu bir maşının qiymətinə alıb Bakıya gətirir. Deyilənə görə, Nizami Rəmzi düz bir ay müddətində quşu özünə öyrəşdirə bilir. Şahidlərin sözlərinə görə, şair şahinə gündə bir göyərçin, bir parça ciyər əti yedizdirirmiş. Lakin uzunmüddət ancaq qapalı şəraitdə saxlanılması bu ağıllı canlıya pis təsir etdiyindən, quş özünü qəfəsin divarlarına çırparaq öldürüb. Deyirlər şahin quşunu ölümü Nizami Rəmziyə yaman pis təsir etdiyindən o, bir müddət özünə gələ bilməyib. 

A.Qorxmaz

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər