Modern.az

“Azərbaycan diasporu birləşməsə, onu çox ağır günlər gözləyir”

“Azərbaycan diasporu birləşməsə, onu çox ağır günlər gözləyir”

Aktual

24 Dekabr 2016, 12:43

Azərbaycan diasporu dünyadakı ən çoxsaylı diasporlardan biridir. Diasporumuz öz sayına görə hətta nüfuzlu yəhudi və erməni diasporlarının birgə sayından da ciddi sürətdə artıqdır. Bütün dünyadakı azərbaycanlıların özlərinin sayı isə 52 milyon nəfərə çatır. Rusiyada və Avropada yaşayan və çalışan azərbaycanlıların sayı artıq milyonlarla ölçülür. ABŞ, Avropa və postsovet məkanındakı böyük Azərbaycan diasporu 2 güclü axın sayəsində formalaşıb.

Azərbaycanlıların ABŞ və Avropa ölkələrinə ilk kütləvi axını 1979 cu ildə İrandakı islam inqilabından sonra başladı. Həmvətənlərimizin keçmiş sovet respublikalarına, əsasən Rusiya, Ukrayna, Belorusiya və Qazaxstana, həmçinin Qərbi Avropa və Skandinaviya ölkələrinə ikinci böyük emiqrasiya dalğası isə 1991 ci ildə SSRİ nin süqutundan və Azərbaycanda və digər keçmiş sovet respublikalarında iqtisadiyyatın kəskin çöküşünə səbəb olan vahid iqtisadi sistemin dağılmasından sonra oldu.

 

Azərbaycanın iqtisadi çətinliklərinə, digər tərəfdən də Azərbaycan torpaqlarının 20 % nin erməni qoşunları tərəfindən işğalının katastrofik nəticələri də əlavə olundu. 1 milyondan çox azərbaycanlı qaçqın bu işğal olunmuş rayonlardan köçərək Azərbaycanın digər rayonlarında məskunlaşdılar. Nəticədə vətənlərində qazancları ilə öz ailələrini dolandıra bilməyən bir çox həmvətənimiz daha yaxşı həyat axtarışı ilə ölkələrini tərk etdilər. Doğma respublikanı tərk edən azərbaycanlılar kütləvi olduğuna görə, bir neçə il ərzində Rusiyada 2 milyonluq Azərbaycan diasporu yarandı. 30-40 il əvvəl heç bir azərbaycanlının görünmədiyi Avropa ölkələrindəki həmvətənlərimizin sayı isə artıq bir milyonu ötüb.

 

Həm də bu yalnız Şimali - müstəqil Azərbaycandan köçənlərin sayıdır. ABŞ-a və Avropa ölkələrinəhal-hazırda İranın tərkibində olan Cənubi Azərbaycandan köçənlərin sayı da milyonlarla ölçülür.

 

Məntiqi olaraq, əslində belə çoxmilyonluq azərbaycanlı diasporunun formalaşdığı ölkələrdə onun çox güclü nüfuzu olmalıdır. Amma, çox təəssüf ki, belə böyük diaspor sayı müvafiq nüfuzdan məhrumdur. Bu gün Azərbaycan diasporu öz nüfuzuna görə yalnız yaxşı təşkilatlanmış və birləşmiş yəhudi və erməni diasporundan deyil, hətta azsaylı xalqların diasporlarından da geridə qalır.

 

Formalaşdıqları ölkələrdə diasporumuzun belə zəif nüfuzunun səbəbi həmvətənlərimiz arasında birliyin olmamasıdır. Olduqları və yaşadıqları ölkələrdə azərbaycanlıların həmrəyliyinə diasporumuzun pis təşkilatlanmış olması, daxildəki müxtəlif intriqalar, liderlik uğrunda mübarizə, diaspor təşkilatlarını şəxsi varlanma məqsədilə istifadə etmək arzusu və digər məsələlər mane olur.  Həm də diasporumuzun formalaşdıqları ölkələrdən asılı olaraq, həmvətənlərimizin birliyinə mane olan problemlər də fərqlənir. Belə ki, Avropada ən çoxsaylı azərbaycanlı diasporunun formalaşdığı Rusiyada həmvətənlərimizin ictimai təşkilatlarının effektiv fəaliyyətinə daxili intriqalar, müxtəlif hakimiyyət orqanlarında bir-biri əleyhinə aparılan işlər, liderik uğrunda mübarizə, nüfuzlu diaspor nümayəndələrimiz arasındakı məhkəmə çəkişmələri maneçilik törədir.

Qərbi Avropa və Skandinaviya ölkələrində yuxarıda sadalanan problemlərdən başqa diasporumuzun birliyinə həm də siyasi fikir ayrılıqları və Qərbi və Şimali Avropa ölkələrinə iş axtarışı üçün köçən azərbaycanlıların problemlərindən varlanmağa cəhd edən bəzi yaramaz həmvətənlərimizin hərəkətləri mane olur. Bu ölkələrdə həmvətənlərimiz demək olar ki, 4 əsas qrupa bölünüblər. Birinci qrupa yalnız pul qazanmağa başı qarışmış əmək miqrantları və iş adamları daxildirlər və onları ümumiyyətlə Azərbaycanın və azərbaycanlıların maraqları və nüfuzu maraqlandırmır. Bu insanlar respublikamızın və xalqımızın maraqlarının müdafiəsi və təbliğatı ilə bağlı müxtəlif kütləvi tədbirlərdən uzaqdırlar. Onlar hətta Azərbaycanın ərazi bütövlüyünün qorunması kimi ümummilli problemlərlə bağlı ictimai aksiyalarda da iştirak etmirlər.

 

Həmvətənlərimizin ikinci qrupuna - siyasi miqrantlar və müxtəlif müxalifət partiyalarının tərəfdarları daxildir, onlar Avropa ölkələrində öz xüsusi ictimai-siyasi təşkilatlarını yaradaraq, əsasən Azərbaycan hakimiyyətinin fəaliyyətini tənqid etməklə məşğul olurlar. Hətta onlar Azəbaycan hakimiyyətinin nümayəndələri və ya tərəfdarları olan həmvətənlərimizə düşməncəsinə münasibət bəsləyirlər. Həmvətənlərimiz arasında belə qarşılıqlı münasibətlər şəraitində diasporumuzun birliyi haqqında söhbətləri unutmaq da olar.

 

Diasporumuzun fəallarının üçüncü qrupuna Azərbaycan hakimiyyətinin dəstəyi, eyni zamanda maddi və hüquqi dəstəyi ilə öz ictimai təşkilatlarını quran insanlar aiddir. Onlar ‘’təqvim prinsipi’’ əsasında hərəkət edərək, Azərbaycanın əsas problemlərinə və əlamətdar tarixlərinə həsr olunmuş ictimai kütləvi tədbirlər keçirirlər. Amma, diasporumuzun dağınıqlığı səbəbindən Azərbaycanın və azərbaycan xalqının maraqlarının müdafiəsi və təmsil olunması üçün keçirilən belə kütləvi aksiyalar da arzu olunan effekti vermir.

 

Dördüncü və diaspor fəallarının ən böyük qrupu — öz özlərinə çalışan, öz fikir və maraqlarını digər həmvətənlərimizin maraqlarından daha vacib hesab edən insanlardır.Son illərdə kim ərinmirsə, öz ‘’cib’’ diaspor təşkilatını yaradır, həmin təşkilatlar isə çox məhdud çevrədə tanınır. Diaspor fəallarının məhz bu qrupu həmvətənlərimizin ictimai təşkilatları üçün əsl ‘’bataqlıq’’ yaradırlar. Belə ‘’bataqlıq’’ diasporumuzun bütün təşkilati strukturunu məhv edir.

Çox məyusedicidir ki, həmvətənlərimiz hələ də diasporumuzun əvvəlki nəsli tərəfindən yaradılan ictimai təşkilatları dəstəkləməyi və inkişaf etdirməyi öyrənmədilər. Hər kəs ‘’öz yeni diaspor təşkilatını’’ yaratmaq və ona rəhbərlik etmək istəyir. Həmvətənlərimizin köhnə, artıq formalaşmış və öz sözünü demiş ictimai təşkilatlarına belə hörmətsizlik şəraitində, diasporumuz xeyirxah ənənələrdən və davamçılıqdan məhrum olur. Axı ənənələrimiz illərlə, biz bizdən öncəkilərin xeyirxah işlərini davam etdirdikcə, onları öz yeni ideya və biliklərimizlə, həmçinin enerjimizlə tamamladıqca yaranır.

 

Yarandığı ölkələrdə diasporumuzun güclü nüfuza malik olması üçün, biz təməldən və ya diasporumuzun binasının ‘’inşa edilən mərtəbəsindən’’ kərpic kərpic üstünə qoymalıyıq, bizdən öncəkilər tərəfindən qurulanları dağıtmamalıyıq. Bəzi həmvətənlərimiz diasporumuzun həmin tikilmiş ‘’binasından’’ ‘’kərpicləri’’ çıxardaraq, həmvətənlərimizin yaratdıqları ictimai təşkilatların möhkəmliyini sarsıdırlar. Nəticədə diasporumuzun təşkilati strukturu öz effektivliyini itirir, onun nüfuzu isə çox zəifləyir. Və nə vaxta kimi diasporumuzda komanda ruhu hökmranlıq etməyəcək, Azərbaycan diasporunun heç bir normal təşkilati strukturu və həmrəyliyi olmayacaq.

Çox pis haldır ki, diasporumuzun fəalları ‘’biz’’, ‘’bizim təşkilatımız’’, ‘’bizim diasporumuz’’ və digər sözləri əminlikləsəsləndirməyi unudublar. Bunun əvəzində isə hər ötən gün daha gur səslə ‘’Mən’’ sözünü işlədirik və həmvətənlərimizin səslərini və maraqlarını nəzərə almırıq. Nə zamana kimi ‘’mən bunu etdim’’, ‘’mən bunu yaratdım’’, ‘’mən bunu dedim’’ və bu kimi digər ifadələri səsləndirəcəyik, o zamana qədər də diasporumuz belə dağınıq qalacaq.

1988 ci ildə Rusiyada azərbaycanlıların ilk diaspor təşkilatını yaradanda ümid edirdik ki, arxamızca digərləri, daha enerjili və daha təşəbbüskar insanlar gələcək və bizə dəstək olacaqlar. Biz ilk diaspor təşkilatımızı ‘’Azərbaycan Birliyi’’(«Единство Азербайджана») adlandırdıq, bununla da həmvətənlərimizin birliyinin əhəmiyyətini xüsusi vurğulamaq istədik. Həmin vaxtdan təxminən 30 il ötüb. Bəs hanı bizim diasporumuzun birliyi? Yalnız özləri haqqında yüksək səslə danışmağa çalışan diasporumuzun bəzi fəallarının ambisiyaları imkan vermədi ki, Azərbaycan diasporunun arzu etdiyimiz həmin möhkəm ‘’binasını’’inşa edib tamamlayaq.

 

Azərbaycan diasporunun fəallarının qarşılıqlı anlayışı və hörməti olmadığına görə bütün enerjimiz boşa gedir.Diasporumuz hər gün daha da zəifləyir, hər il köhnə və nüfuzlu təşkilatlarımızı itiririk. Liderlik uğrunda şərəfsiz mübarizə ‘’Ümumdünya Azərbaycan Konqresi’’ ni dəfn etdi, daxili intriqalar Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyatı “AzerRos” u (“FMMM AzerRos”) dağıtdı, bəzi alçaq donoslardan sonra Rusiya hakim dairələri ‘’Dünya Azərbaycanlıları İttifaqı’’ nın Rusiyadakı fəaliyyətinə xitam verdi və indi biz öz təşkilatımızı yenidən Avropada qurmağa məcburuq.İndi yalnız həmin iradəsiz və rəngsiz diaspor təşkilatları qalıblar və səslərini ucaltmağa da qorxurlar. Lakin, biz bir yumruq kimi birləşməsək və vahid azərbaycan diasporunu yaratmasaq, tezliklə həmin ‘’susan’’ları da bağlayacaqlar.

Rusiyada Azərbaycan diasporunun yeganə nüfuzlu ictimai təşkilatı qalıb - ‘’Ümumrusiya Azərbaycan Konqresi («ÜAK»). ‘’ÜAK’’ı müxtəlif hücumlardan hələlik yalnız o qoruyur ki, bu ictimai təşkilata o vaxtlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Rusiya prezidenti Vladimir Putin xeyir-dua verib və bu təşkilata doğma Azərbaycan hakimiyyəti də dəstək verir. Lakin, biz vahid və güclü bir qanad altında birləşməsək, Azərbaycan xalqının düşmənləri ‘’ÜAK’’ ın da bağlanmasına nail olacaqlar. Necə deyərlər, əsas istəkdir, bəhanə tapmaq hər zaman mümkündür. Və Allah göstərməsin, rusiya hakim dairələri ‘’ÜAK’’ı da bağlasalar, Rusiyadakı Azərbaycan diasporu maraqları ilə heç kimin hesablaşmadığı kortəbii kütləyə çevriləcək. O zaman bizim həmvətənlərimiz Rusiyada onların hüquq və maraqlarını qoruyan son müdafiəçilərindən - ‘’ÜAK’’ dan da məhrum olacaqlar.

 

Ermənilərin fəallığı fonunda Azərbaycan diasporunun dağınıqlığının müşahidə edildiyi Ukraynadakı diasporumuzun qəmgin taleyi də Azərbaycan diasporunun tezliklə birləşməsi zərurətindən bəhs edir. Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ilin 10 dekabr tarixində Kiyevdə Azərbaycan Diasporunun IV Forumunda çıxış edərkən ‘’Ukraynada Azərbaycan diasporunun lobbiçilik fəaliyyətinin və sahibkarların diaspora inteqrasiyasının əhəmiyyətindən’’ bəhs edərək dedi ki, Ukraynadakı Azərbaycan diasporu çox dağınıqdır. Eyni zamanda azərbaycanlı diplomat qeyd etdi ki,erməni diasporu çox fəallaşıb. Erməni diasporunun cəhdləri ilə Ukrayna Ali Radasında iki dəfə qondarma ‘’erməni soyqırımı’’ nın tanınması ilə bağlı məsələ qaldırılıb.  Bu ilk növbədə ona görə baş verdi ki, Ukraynada dünya erməniçiliyinin maraqlarını Ukrayna erməniləri İttifaqı kimi birləşmiş diasporları və çoxsaylı elm, təhsil, mədəniyyət və siyasət xadimləri müdafiə edir. Amma, bu günədək Ukrayna parlamentində Xocalı soyqırımının tanınması məsələsi qaldırılmayıb.

 

Bununla əlaqədar xüsusi olaraq qeyd etmək istəyirəm ki, Rusiya və Ukrayna KİV lərində olduqca çox sayda erməni mənşəli jurnalistlər çalışır, bu ölkələrdəki bəzi media quruluşları isə birbaşa erməni diasporu tərəfindən idarə edilir. Bu KİV lər aşkar şəkildə Ermənistanın və erməni diasporunun maraqlarını güdür və müdafiə edirlər. Gördüyümüz kimi, erməni diasporu bizimkilərdən fərqli olaraq əllərini yanlarına salıb oturmurlar.

 

Ukraynadakı Azərbaycan diasporunun yuxarıda adını çəkdiyim forumunda informasiya sferasında uğurlu fəaliyyət, sosial şəbəkələrdə fəallıq, Azərbaycan haqqında ukrayna dilində mövcud səhifələrin artırılması və Ukrayna KİV ləri ilə münasibətlərin möhkəmləndirilməsi məsələləri də qaldırıldı. Ancaq, həmişə Azərbaycan diasporunun işləri sözdən o tərəfə getmir və bizyaşadıqları ölkələrdə həmvətənlərimizin hüquq və maraqlarının müdafiəsi məsələsində ciddi uduzuruq.

 

Həmvətənlərimizin ictimai təşkilatlarının fəaliyyətində ‘’bataqlıq’’ yaradan diaspor fəallarından bəhs edərkən yuxarıda qeyd etdiyim kimi əksər ölkələrdə Azərbaycan diasporunun rəhbərliyində çox sayda təsadüfi insanlar ortaya çıxıb. Diaspor təşkilatlarımızın işindəki ənənələrin və ardıcıllığın pozulması səbəbindən bu ‘’təsadüfi’’ insanların əksəriyyətinin ümumiyyətlə anlayışı yoxdur ki, diasporu necə idarə etmək və onun qarşısında hansı məsələləri qoymaq və həll etmək, diasporun işini necə düzgün təşkil etmək, həmvətənlərimizin hüquq və maraqlarını necə müdafiə etmək,  Azərbaycanın və azərbaycanlıların imicini necə yüksəltmək lazımdır.

 

Bunun hamısı diaspor təşkilatlarımızın pərakəndəliyinin nəticəsidir. Onlar, vahid diaspor birliyi ətrafında birləşməkdən imtina edərək Azərbaycan diasporu daxilində qeyri-sağlam atmosferi və intriqaları saxlayırlar. ‘’Bataqlıq’’ şəraitində komanda ruhunun olmaması diaspor təşkilatlarının effektiv fəaliyyətinə imkan vermir və əksər azərbaycanlıları onların işində iştirak etməkdən uzaqlaşdırır. Məhz bu səbəbdən diasporumuz öz maraqlarını və doğma Azərbaycanın maraqlarını ifadə etmək və müdafiə etmək vəziyyətində deyil.

 

Həmvətənlərimizin ictimai təşkilatlarında birlik və həmrəyliyin olmaması səbəbindən Azərbaycan diasporu demək olar ki, aydın inkişaf proqramı və öz tapşırıqlarını reallaşdırma imkanı olmayan amorf kütləyə çevrilib. Çünki, qarşıya qoyulan məsələləri aydın başa düşmədən və diasporun fəaliyyətində vahid strategiya olmadan Azərbaycan və Azərbaycan diasporunun maraqlarının ciddi lobbiçiliyindən danışmaq mümkün deyil. Nə vaxta qədər ki, diasporumuz dağınıqdır və onun bəzi liderləri yalnız öz maraqlarını güdür, heç bir yaxşı şeyə nail ola bilməyəcəyik. Düşmənlərimiz diasporumuzun dağınıqlığını və pis təşkilatlanmasını görəndə, cürətlə həmvətənlərimizi biznes mühitindən və yaşadıqları ölkələrin ictimai-siyasi həyatından sıxışdırıb çıxarmağa çalışırlar. Bunun sübutu kimi elə Ukraynada 15 dekabrda həmvətənlərimizlə əlaqədar baş verən drammatik hadisələri göstərmək olar.

 

Məlum olduğu kimi, bir müddət əvvəl Ukrayna şəhəri Xarkovda azərbaycanlılara məxsus ticarət obyekti hücuma məruz qalıb. Hadisə Qələbə prospektində qeydə alınıb. Ukrayna Milli qvardiyasının ‘’Azov’’ xüsusi təyinatlı bölməsinin hərbçiləri 15 dekabr axşamında 5 azərbaycanlıya məxsus yeni il şam ağaclarının satıldığı obyektləri dağıdaraq, onların bütün mallarını müsadirə ediblər. Bununla yanaşı ukraynalı hərbçilər azərbaycanlı sahibkarları təhqir edərək, Azərbaycana gedib orda, şam ağaclarını satmağı məsləhət görüblər. Baxmayaraq ki, orda digər milliyətdən olanlara məxsus obyektlər də olub, hərbçilər isə yalnız azərbaycanlıların ticarət nöqtələrinə hücum ediblər.

 

Ukraynada azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı belə bir qanqaraldıcı fakt həmvətənlərimiz tərəfindən qanunlarla müəyyən edilmiş yerlərdə və yerli orqanların verdiyi icazələrlə bizneslə məşğul olmalarına baxmayaraq baş verib. Ukraynalı hərbçilərin digər etnik qrupların satdığı yeni il şam ağaclarına müdaxilə etməməsi onu deməyə əsas verir ki, aksiya məhz azərbaycanlılara qarşı yönəlmişdi.

 

Eyni zamanda bu ilk dəfə deyil ki, Ukraynada Azərbaycan diasporuna təzyiq göstərilir. Azərbaycan KİV-ləri artıq bir neçə dəfə məlumat veriblər ki, Ukrayna DİN, Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna prokurorluğu bu ölkədə azərbaycanlı iş adamlarının qaçırılması ilə bağlı çoxsaylı hadisələrə reaksiya vermirlər. Xatırladıram ki, son iki ildə Ukraynada 20 azərbaycanlı iş adamı oğurlanıb, lakin bu ölkənin hüquq-mühafizə orqanları hələ də bu faktların araşdırılması ilə bağlı nəticələrilə öyünə bilmirlər.

 

Ukraynada azərbaycanlı iş adamlarının belə acınacaqlı vəziyyəti onunla bağlıdır ki, Azərbaycanın bu ölkədəki səfiri Azər Xudiyev qeyd etdiyi kimi Ukraynada Azərbaycan diasporu çox dağınıq durumdadır. Və diasporun bu dağınıqlığı qaldıqca, heç kəs azərbaycanlı iş adamlarının maraqları ilə hesablaşmayacaq. Buna görə də yalnız Azərbaycan diasporunun birliyi və baş verən hadisələrə təsirini təmin edən yaxşı təşkilatlanması həmvətənlərimizin bizneslərinin təhlükəsizliyinin və onların hüquq və maraqlarının qorunmasının qarantı ola bilər.

 

Azərbaycanlı iş adamları ilə bağlı Ukraynada baş verənləri biz bir xəbərdarlıq kimi qəbul etməliyik. Eyni xoşagəlməz hallar Rusiyadakı azərbaycanlı iş adamları ilə bağlı da baş verə bilər. Xüsusilə də Ukraynada olduğu kimi Rusiya KİV lərində də erməni diasporunun təsiri və ermənipərəst medya quruluşları tərəfindən buraxılan istənilən anti-azərbaycan məlumatı həmvətənlərimiz olan iş adamlarına qarşı qəddar zarafata çevrilə bilər.

 

Bundan başqa həm də o halları nəzərə almaq lazımdır ki, son zamanlarda Rusiyada milli diasporların ictimai təşkilatlarına qarşı tələblər çox sərtləşdirilib. Artan terrorçuluq qorxusunu və müxtəlif etnik qrupların yaratdığı ictimai təşkilatların Rusiyadakı ictimai-siyasi vəziyyətə mümkün neqativ təsirlərini nəzərə alaraq, rusiya hakim dairələri artıq diaspor təşkilatlarının fəallığını xoş qarşılamırlar. Hətta belə bir düşüncə gəzir ki, Rusiya məhkəmə orqanları RF Ədliyyə Nazirliyinin ilkin tələbi əsasında milli diasporların ictimai təşkilatlarını bağlayırlar. Belə bir məqamda Azərbaycan diasporunun birliyi və onun ictimai təşkilatlarının vahid nüfuzlu struktur altında birləşməsi çox mühüm faktordur. Belə bir birlik və yaxşı təşkilatlanma olmadan  dönüşü olmayan uçuruma yuvarlanırıq, ordan çıxmaq bizə asan olmayacaq. Azərbaycan diasporu birləşməsə, onu çox ağır günlər gözləyir.


Füzuli Məmmədov

Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın Sədri,

Ümumdünya Azərbaycan Mədəniyyət Fondu" Beynəlxalq İctimai Fondunun Əlaqələndirmə Şurasının sədri

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər