Azərbaycan Respublikasının Konstitusiyası bu il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendum) nəticələrindən sonra hələ də yeni redaksiyada çap edilməyib.
Bəs yeni Konstitusiya nə zaman çap olunacaq?
Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlama verib.
Çingiz Qənizadə Azərbaycanda Konsitutsiyaya əlavə və dəyişikliklərin sentyabrın 26-da edildiyini bildirib.
“Əlbəttə, yeni variantda Konstitusiya çap olunmalıdır. Bu işlə nəşriyyat orqanları, sahibkarlıqla məşğul olan qurumlar məşğul olurlar. Təbii ki, dövlət orqanları da Konstitusiyanın çapı ilə əlaqədar sifariş etməlidir. Yaxın vaxtlarda Konstitusiyanın yeni redaksiyada işıq üzü görəcəyi barədə məlumatım yoxdur. Sentyabrın 26-da keçirilmiş referendum nəticəsində Konstitusiyanın 29 maddəsində 39 əlavə və dəyişiklik edilib. Bunların yenidən Konstitusiyaya əlavə edilməsinə çox böyük ehtiyac var. Düşünürəm ki, nəşriyyat orqanları, sahibkarlıqla məşğul olan qurumlar müvafiq addım atsalar, təbii ki, yeni Konstitusiya işıq üzü görəcək”.
Mirmahmud KAZIMOĞLU